MSN-də 2015-ci ilin yekunları müzakirə olunub

Müdafiə Sənayesi Nazirliyində (MSN) 2015-ci ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclası keçirilib.

Bu barədə “AzeriDefence”yə MSN-in mətbuat xidmətindən məlumat verilib.

İclası açan nazir Yavər Camalov 2015-ci ilin Müdafiə Sənayesi Nazirliyi üçün də yadda qalan il olduğunu, ötən ay yaradılmasının 10 illiyi qeyd olunan MSN-in müəssisələrində müasir növ atıcı silahlar, döyüş sursatları, mühəndis texniki vasitələri və s. müdafiə təyinatlı məmulatlar istehsal edilərək Silahlı Qüvvələrə təhvil verildiyini bildirib.

“Məmulatların yaradılması istiqamətində aparılan məqsədyönlü işlər nəticəsində yüzlərlə məhsulun mənimsənilməsinə və silahlanmaya qəbul edilməsinə nail olunub. Nəticədə 2015-ci ilin yekunlarına görə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi ötən illərlə müqayisədə dəfələrlə artıb”, – deyə nazir vurğulayıb.

2015-ci ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələrində yaradılma üzrə nəzərdə tutulan 81 mövzunu və 143 mərhələni əhatə edən təcrübi-konstruktor işləri uğurla davam etdirilib. 7 mövzu üzrə təcrübi-konstruktor işləri tam başa çatdırılıb, 11 məmulatın istehsalı mənimsənilib, silahlanmaya tövsiyə olunaraq seriyalı istehsalı təşkil olunub. Ümumilikdə, mövzular üzrə 45 mərhələ tam yerinə yetirilib.

Ötən ildə gecəgörmə cihazının, kompaslı prizmatik binoklların, mina üçün atəş yığımının, qumbaraatan üçün atəş yığımlarının, müxtəlif tipli mina partladıcılarının yaradılması işləri başa çatdırılmış və seriyalı istehsalı təmin edilmişdir. NATO standartlarına uyğun xüsusi təyinatlı snayper tüfənginin, avtomatik topun, xüsusi təyinatlı hücum pulemyotunun və s. məmulatların təcrübi-konstruktor işləri davam etdirilib.

2015-ci ildə ümumi məhsul istehsalının həcmi 2010-cu illə müqayisədə 3,1 dəfə, müdafiə təyinatlı məmulatların istehsal həcmi isə 2,3 dəfə artıb.

Mülki məmulatların istehsalında illik proqnoza 106,1 faiz əməl olunub. İstehsalı mənimsənilmiş mülki məhsullardan – əleyhqazı, 12 kalibrli ov tüfənglərini və onların patronlarını, müxtəlif tutumlu akkumulyator batareyalarını, müxtəlif tutumlu termosları, maskalanma torunu, DVB-T peyk dekoderini, müxtəlif laylı çap lövhələrini, plastik taraları, parket məmulatını, müxtəlif mebel dəstlərini, traktor tırtılını və s. göstərmək olar.

MSN-in müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar 2009-cu ildən beynəlxalq sərgilərdə nümayiş etdirilir və böyük maraqla qarşılanır. MSN bu günə qədər 15 beynəlxalq sərgidə təmsil olunub.

MSN-in təmsil olunduğu digər beynəlxalq sərgilərdə olduğu kimi ötən ilin may ayında Türkiyədə keçirilən İDEF-2015 sərgisində də nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb. Sərgidə, müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, zirehli texnikalar, müxtəlif çaplı aviasiya bombaları, pilotsuz uçuş aparatları, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatları, optik cihazlar və s. olmaqla 184 adda məmulat nümayiş etdirilib.

Müdafiə Sənayesi Nazirliyində 2016-cı ildə Bakıda keçiriləcək ADEX-2016 ikinci Beynəlxalq Müdafiə Sərgisi ilə bağlı hazırlıq işləri də davam etdirilir. Artıq 100-dən çox beynəlxalq şirkət sərgidə iştirak üçün qeydiyyatdan keçib.

MSN-in müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar Azərbaycan Silahlı Qüvvələrini təmin etməklə yanaşı, artıq xarici ölkələrə də ixrac olunur.

Nazirlikdə hərbi-texniki əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə davamlı olaraq görüşlər keçirilir, mövcud əməkdaşlıqların genişləndirilməsi və yeni əməkdaşlıqların yaradılmasına dair danışıqlar aparılır.

2015-ci ildə də MSN-in Elmi-Tədqiqat İnstitutu və Milli Aerokosmik Agentliyi tərəfindən yeni növ müdafiə təyinatlı məmulatların yaradılması istiqamətində məqsədyönlü işlər aparılıb.

Elmi-tədqiqat və təcrübi-konstruktor işləri aparılmış əsas mövzular müxtəlif növ təlim aviasiya bombalarının, xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi sisteminin yaradılması, zirehli nəqliyyat vasitəsində silahların quraşdırılması, sualtı hərbi obyektlərin aşkarlanması metodlarının işlənməsi, aerokosmik məlumatların emalı prinsiplərinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi və ekoloji monitorinq olub.

Hesabat dövründə nazirlikdə fəaliyyət göstərən ETŞ-in müvafiq bölmələrinin 5 iclası keçirilib, müxtəlif səpgidə mövzular üzrə müzakirələr aparılmış və bir sıra mövzular üzrə konkret təklif və rəylər qəbul edilib.

Kollegiya iclasında tabeli birlik və müəssisələrin fəaliyyətləri haqqında müəssisə rəhbərlərinin hesabat xarakterli çıxışları dinlənilib.

Sonda nazir Yavər Camalov Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı prezident İlham Əliyevin verdiyi tapşırıqları bir daha iclas iştirakçılarına xatırladıb. Nazir, Ali Baş Komandan tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların və 2016-cı ildə nazirliyin qarşısında duran vəzifələrin icrası ilə əlaqədar struktur bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verib.

KATEQORIYA:
Bu xəbəri paylaş