MSN-də səyyar kollegiya iclası keçirilib

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 2016-cı ilin birinci yarımilinin yekunlarına həsr edilmiş səyyar kollegiya iclası keçirilib.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edilib.

Nazir ötən müddət ərzində ordu quruculuğunda aparılan əsaslı islahatlardan və Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlərdən danışıb. Y. Camalov qeyd edib ki, bu gün Azərbaycan Ordusu ən güclü ordular sırasındadır. Azərbaycan Ordusu aprel ayında təmas xəttində əldə etdiyi uğurlarla – vaxtilə düşmən tərəfinin nəzarətinə keçmiş bir neçə yüksəkliyin geri qaytarılması ilə bunu bir daha sübut etdi.

Yavər Camalov aprel döyüşlərində MSN-in müəssisələrində yaradılan və istehsal olunan bir sıra müdafiə təyinatlı məmulatdan geniş istifadə olunduğunu, düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində bu məhsulların mühüm rol oynadığını vurğulayıb.

Kollegiyada bildirilib ki, MSN cari ilin 6 ayını uğurlu nəticələrlə başa vurub. Hesabat dövründə nazirliyin müəssisələrində 2016-cı il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verililb.

Birinci yarımillikdə istehsal olunan məmulatların 80 faizini müdafiə və xüsusi, 20 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir. 2016-cı ilin istehsal proqramına uyğun olaraq hesabat dövründə nazirliyin müəssisələrində yaradılma üzrə 115 mövzunu və 198 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib.

Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elm müəssisələrinin potensialından istifadə etməklə elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda (ETİ) cari ildə 15 mövzu, o cümlədən dövlət sifarişi xətti ilə 14 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri, Milli Aerokosmik Agentliyində (MAKA) Silahlı Qüvvələrin sifarışləri əsasında müxtəlif sahələri əhatə edən  33 mövzu üzrə  elmi-tədqiqat işləri aparılır.

Kollegiyada qeyd olundu ki, MSN müəssisələrində yaradılan və istehsal olunan məmulatlar cari ilin aprel ayında Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən DSA-2016 XV Asiya müdafiə xidmətləri sərgisində  uğurla nümayiş olunub.

Kollegiya iclasında nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hesabatları dinlənilib və müəssisələrin fəaliyyətləri müzakirə olunub.

İclasın sonunda nazir Yavər Camalov ölkənin müdafiə sənayesinin prezident İlham Əliyevin hər zaman diqqətində olduğunu xatırladıb və sahənin inkişafı ilə bağlı dövlət başçısı tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verib.

KATEQORIYA:
Bu xəbəri paylaş