MSN-nin “Cihaz” İstehsalat Birliyi Banqladeşdə beynəlxalq tenderə qatılıb

Müəssisə tankların modernləşdirilməsi tenderində Çinin NORİNCO və Pakistanın HİT dövlət şirkəti ilə rəqabət aparır

Banqladeş Silahlı Qüvvələrinin zirehli tank korpusu T-54, Tip-59, Tip-69 və Tip-62 yüngül tanklarının modernləşdirilməsi üçün tender elan edib. “AzeriDefence”nin məlumatına görə, bu barədə nüfuzlu “Janes Defence Weekly” nəşri məlumat yayıb.

“Janes”in məlumatına görə, Banqladeş Müdafiə Nazirliyi tərəfindən elan edilmiş tenderə başlanğıcda 4 ölkə öz təkliflərini təqdim edib. Bunlar Azərbaycan, Çin, Pakistan və Ukrayna olub. Ukraynanın təklifi uyğunsuzluğa görə rədd edilib. Digər 3 iddiaçının təkliflərinin qiymətləndirilməsi davam edir.

İlkin məlumatlara görə, Banqladeş 2019-cu ilədək 174 tankı modernləşdirmək niyyətindədir. Layihənin ümumi dəyəri açıqlanmayıb.

Tankların tam müasirləşdirilməsinə güc qurğularının yenilənməsi, müasir atış-idarəetmə sisteminin qurulması, döyüş idarəetmə və müdafiəsinin yenilənməsi daxildir.

Nəşrin məlumatına görə, Pakistanın Heavy Industries Taxila (HIT) dövlət şirkəti Banqladeşin köhnəlmiş tanklarını Banqladeş Silahlı Qüvvələrinin tələblərinə uyğun olaraq “Al-Zarrar” konfiqurasiyasına qədər müasirləşdirilməsini təklifini verib. Qeyd olunub ki, hazırda Pakistan Silahlı Qüvvələrinin silahlanmasında yer alan “Tip-59” tanklarının “Al Zarrar” konfiqurasiyasına modernləşmə zamanı Çinin NORINCO şirkətinin Tip-85II AP MDT motor-transmissiya bloku və modernləşdirilmiş təkər oxları daxil edilib. Bundan əlavə tank müasir 125 mm çaplı top, modernləşdirilmiş və kompüterləşdirilmiş atəş sistemi, termal kamerası və lazer məsafə ölçənə malik kombinə edilmiş komandir və tuşlayıcı nişangahları, sursatların yarımavtomatik doldurulması sistemi ilə təchiz olunub.

Məsələ ilə bağlı “Azeri Defenece”nin əldə etdiyi məlumata görə, tenderə Azərbaycan tərəfindən Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” Elmi İstehsalat Müəssisəsi qatılıb. Hazırda “Cihaz” tenderdə Çinin NORİNCO və Pakistanın HİT dövlət şirkəti ilə rəqabət aparır.

“Banqladeş və Pakistan arasında münasibətlərin normal olmasına baxmayaraq, bu ölkənin Silahlı Qüvvələrində Pakistanla hərbi-texniki əməkdaşlığa o qədər isti yanaşılmır. Bu kontekstdə hazırda əsas rəqabət “Cihaz” və NORİNCO arasında gedir”, – deyə müdafiə sənayesindəki mənbə “AzeriDefence”yə bildirib.

Azərbaycan tərəfinin modernləşmə təklifləri barədə əlavə məlumatlar verilməyib.

KATEQORIYA:
Bu xəbəri paylaş