MSN yeni layihələrini açıqladı: orta və uzun mənzilli raketlərin, yeni maşınlar yaradılır

Bu il Müdafiə Sənayesi Nazirliyinin (MSN) nəzdində 7 yeni müəssisənin istifadəyə verilməsi planlaşdırılır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin iclasında çıxışı zamanı müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, istifadəyə veriləcək müəssisələrdə 40×46 mm-lik revolver tipli qumbaraatanın (RBG-40), bu qumbaraatanlar və lüləaltı qumbaraatanlar üçün döyüş sursatlarının, RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ sursatın, M-6 və M-12 tipli mina partladıcılarının,

23, 30 və 40 mm-lik avtomatik topların və qumbaraatanların döyüş sursatları üçün müxtəlif növ partladıcıların, 100, 122, 130, 152, eləcə də NATO standartlarına uyğun 155 mm-lik artilleriya və 125 mm-lik tank topları üçün mərmilərin və onların gilizlərinin, 5,45 mm-dən 30 mm də daxil olmaqla atıcı silahlar və kiçikçaplı avtomatik toplar üçün lülələrin istehsalı həyata keçiriləcək.

Y.Camalov bununla bərabər hazırda müxtəlif növ barıtlar və partlayıcı maddələr – piroksilin və ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların, artilleriya və tank toplarının başlıq partladıcıları üçün müəssisənin, 60, 82 və 120 mm-lik minaatanlar üçün döyüş sursatlarının hazırlanması ilə bağlı barıt atımlarının istehsalı sahələrinin tikintisi üzrə işlərin davam etdirildiyini vurğulayıb.

Nazir qeyd edib ki, 2016-cı ilin birinci yarısında MSN-in Elmi-Tədqiqat İnstitutunda 15 mövzu, o cümlədən dövlət sifarişi ilə 14 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib. Əsas mövzular sırasında müxtəlif növ təlim və döyüş aviasiya bombalarının, xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi sisteminin, həmçinin orta və uzaq mənzilli raket sistemlərinin yaradılması və s. bağlı olub. Milli Aerokosmik Agentlik (MAKA) tərəfindən isə 2016-cı ildə Silahlı Qüvvələrin sifarışləri əsasında müxtəlif sahələri əhatə edən 33 mövzu üzrə elmi-tədqiqat işləri aparılır. İlk növbədə əsas diqqət müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan “Tufan” milli zirehli nəqliyyat vasitəsinin – 12,7 mm-lik məsafədən idarə olunan döyüş modulu, tank əleyhinə idarə olunan raket kompleksi, radioelektron mübarizə və kəşfiyyat avadanlığı və s. sistemlərlə təchiz edilmiş bir neçə variantının hazırlanması nəzərdə tutulur. Milli zirehli maşının təcrübi nümunəsinin ilin sonunadək hazırlanması planlaşdırılır.

“Eyni zamanda, xarici dövlətlərlə danışıqların nəticəsi olaraq yeni “İldırım” və “Qasırğa” zirehli maşınlarının ilkin nümunələri hazırlanıb Bakıda keçiriləcək ADEX-2016 sərgisində nümayiş etdiriləcək və 2017-ci ildən artıq seriya ilə istehsalına başlanılacaq. Daha bir yeni layihə BRDM-2M zirehli transportyorun üzərində orta mənzilli “Mizrak” tipli tank əleyhinə idarə olunan raket sisteminin quraşdırılmasıdır. Bu döyüş maşını da qısa müddət ərzində Silahlı Qüvvələrimizin ixtiyarına veriləcək”, – deyə nazir bəyan edib.

KATEQORIYA:
Bu xəbəri paylaş