“Müasir müharibə metodları və təhlükəsizlik çağırışları”adlı beynəlxalq konfrans keçirildi-ADEX

Bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi sərgisi (ADEX 2014) çərçivəsində “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda beynəlxalq konfrans təşkil olunub. “AzeriDefence”nin məlumatına görə, müdafiə sənayesi naziri Yavər Camalov konfransda giriş sözü ilə çıxış edərək, deyib ki, 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin (MSN) xarici ölkələrlə hərbi-texniki əməkdşalığı inkişaf mərhələsindədir. Hazırda nazirlik 34 ölkə ilə əməkdaşlıq edir. ADEX 2014-dən sonra bu ölkələrin sayının artacağına da ümid edilir.

Nazir fürsətdən istifadə edərək, Azərbaycanla faydalı əməkdaşlıq edən ölkələrə təşəkkürünü də bildirib.

Y.Camalov qeyd edib ki, MSN yarandığı dövrdən bəri onun tabelçiliyinə verilmiş müəssisələrin yenidən qurulması və yeni müəssisələrin yaradılması istiqamətində böyük işlər görülüb.

2005-ci ilə nisbətən 2013-cü ildən MSN-də istehsal edilən məhsulların həcminin 28 dəfə artdığını deyən nazir qeyd edib ki, müdafiə təyinatlı məmulatların yaradılması üçün cari və perspektiv planlar hazırlanıb: “1700-dən çox cihaz və tərtibatlar alınaraq quraşdırılıb. Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət göstərdiyi müddətdə 51 istehsal sahəsi yaradılıb. Bu gün atıcı və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar istehsal olunur. İxrac əməliyyatlarının çəkisi durmadan artır. Bu gün sərgidə Azərbaycan istehsalı olan 168 adda müdafiə təyinatlı məhsul nümayiş etdirilir”.

Nazir əlavə edib ki, MSN yarandığı dövrdən indiyə kimi 15 beynəlxalq sərgidə iştirak edərək istehsal etdiyi müdafiə təyinatlı məhsullarını nümayiş etdirib. Bu sərgilərdə Azərbaycanın istehsal etdiyi 168 adda müdafiə təyinatlı məhsul təqdim olunub.

Y. Camalov vurğulayıb ki, Azərbaycan 20 ildən Ermənistan təcavüzünə məruz qalıb. Ermənistan tərəfindən Azərbaycanın 20 faiz torpaqları işğal edilib, 1 milyon əhali qaçqın və köçkün düşüb. Azərbaycanın müharibə şəraitində olması nəzərə alaraq, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə ehtiyac var.

O, ölkə rəhbərliyi tərəfindən nazirlik qarşısında inkişaf tapşırıqları qoyulduğunu və MSN-nin bu tapşırıqların yerinə yetirilməsinə çalışacağını açıqlayıb.

Çıxışının sonunda xarici şirkətləri 2016-cı ildə də keçiriləcək 2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi sərgisinə (ADEX 2014) dəvət edib.

Sonra Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hazırladığı film nümayiş etdirilib.

Türkiyənin müdafiə sənayesi müşaviri İsmayıl Demir təmsil etdiyi ölkənin müdafiə sənayesi haqda danışıb. O deyib ki, Türkiyə hərbi hava və dəniz qüvvələrinin müdafiə sənayesi sahəsində inkişafa nail olub.

İ. Demir əlavə edib ki, regionda Türkiyə Azərbaycan və Gürcüstanla əməkdaşlıq edir. Bu artıq kollektiv təhlükəsizlik səviyyəsinə gətirib, çıxarıb.

Müşavir Türkiyənin Azərbaycanla daim əməkdaşlığa hazır olduğunu və belə səylərin, həmçinin işlərin sayını artırmaq niyyətində olduqlarını da əlavə edib.

O, “ADEX 2014” sərgisini də yüksək dəyərləndirib. Onun fikrincə, bu, müdafiə sahədə əməkdaşlığı daha da dərinləşdirəcək.
Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bir daha vurğulayan İ. Demir ölkələr arasındakı münasibətləri unikal adlandırsa da layihələr haqda ətraflı danışmaq istəməyib: “Ancaq layihələr haqda burada detallı danışmaq düzgün deyil. Lakin münasibətlər davam edir”.

Yeni Amerika Təhlükəsizlik Mərkəzinin prezidenti Riçard Fontaine ABŞ-ın təhlükəsizliklə bağlı siyasəti haqda danışıb: “Burada dünyada terrorçuluqda mübarizəni, Yaxın Şərqdəki, Əfqanıstandakı fəaliyyətini, o cümlədən Rusiyaya olan münasibətləri qeyd etmək lazımdır”.
Rusiya-Ukrayna münasibətləri haqda danışan R. Fontaine onu da bildirib ki, bu Rusiyanın birbaşa işğalıdır və məqsəd müstəqil ölkənin ərazilərini anneksiya etməkdir: “Biz düşünürük ki, Ukraynadakı hərbi əməliyyatlar 2008-ci ildə Rusiyanın Gürcüstana hücumundan daha mürəkkəbdir. Çünki bura təkcə hərbi hava qüvvələri deyil. Burada Rusiya tərəfindən siyasi provakasiyalara yol verilib, yerüstü əməliyyatlar həyata keçirilir. Ümid edirik ki, NATO bu məsələyə ciddi mövqe nümayiş etdirməlidir. Düşünürük ki, bu bölgənin ölkələri belə provakasiyalara məruz qalması sual doğurur”.

ABŞ-ın Azərbaycanla əlaqələrinə də toxunan Mərkəzin rəhbəri deyib ki, əlaqələr gözəl inkişaf edir: “Biz mane olan məsələlərin həllinə də çalışırıq. Əlbəttə burada Dağlıq Qarabağ münaqişəsini də qeyd etmək lazımdır. Rusiyanın da əlaqələrimizin inkişafında ciddi amil olduğu deyilir. Amma ABŞ bütün bu problemlərin həllinə tərəfdardır”.
Hazırda təhlükəsizliklə bağlı olan bir çox çağırışlar gündəmdə olduğunu da xatırladan Mərkəzin rəhbəri ABŞ artıq İraq və Suriyada törtədiyi vəhşiliklərlə tanınan terror qrupuna qarşı əməliyyatlarla bağlı qərar qəbul edib: “İŞİD-ə qarşı Yaxın Şərq ölkələrinin KİV-lərində də hərbi əməliyyatların başlanması haqqında məlumat verilib. Bu əməliyyatlara Səudiyyə Ərəbistanı da dəstək olacaq. İŞİD-ə qarşı beynəlxalq koaliisyanın yaradılması hərbi işğalın və vəhşiklərin qarşısnın alınmasına kömək göstərəcək. Söhbət regiondakı 40-a yaxın ölkədən gedir. Amerikalılar hesab edir ki, İraq və Suriyada baş verən vəhşiklər yalnız bu ölkələrə aid deyil. Bu terrorçu qruplara qarşı qətiyyətlə hərbi əməliyyatlar həyata keçirilməlidir. Çünki bu qrupda bir neçə ölkələrin nümayəndələri iştirak edir. Biz müttəqfiqlərimizi bu vəhşiliklərə qarşı mübarizə aparmağa, Yaxın Şərq və Asiya ölkələrində yayılmasının qarşısının alınmasına çağırırıq”.

R.Fontaine əlavə edib ki, ABŞ-ın Azərbaycanla enerji təhlükəsizliyi ilə bağlı böyük əməkdaşlığı var. ABŞ Avropanın enerji baxımından Rusiyadan aslılığını azaltmaq istəyir.

O, Azərbaycana müxtəlif təşkilatlar tərəfindən insan haqları və digər məsələlərlə bağlı təzyiqlər edilyini etiraf edib, lakin müdafə sahəsində ABŞ-la Azərbaycan arasında çox gözəl əməkdaşlığın olduğunu deyib.

Mərkəzin direktoru bildirib ki, bölgədə bu əməkdaşlığıa mane olan bəzi problemlər də var ki, Dağlıq Qarabağ məsələdə burada ən önəmli yeri tutur: “Bizi narahat edən məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışırıq. Bəziləri deyir ki, Rusiya Dağlıq Qaprabağ münaqişəsinin həllində böyük rol oynaya bilər. Bu, həqiqətən də belədir”.

Riçard Fontaine Avropa ölkələrinin müdafiə sahəsinə ayrılan vəsaitlərin azaldığını, bunun terrorçuluğa qarşı mübarizəni əhatə etmədiyini vurğulayıb: “Təhlükəsizlik platforması çox çevik dəyişir. 2012-ci ilin sonunda təhlükəsizliklə məşğul olan ekspertlər görürdülər, kiber təhlükəsizlik məsələsi var, Əfqanıstan, Suriya, Rusiyanın Ukraynada olan əməliyyatları təhlükəsizlik sahəsində böyük çağırışlar var. Təhlükəsizlik sahəsində məlumatların mübadiləsi çox mühümdür”.

ABŞ və Aropanın Azərbaycana müasir silah və sursat satışı sahəsində qadağanı ləğv etməməsi ilə bağlı sualı cavablandıran Riçard Fontaine deyib ki, bu suala konkret cavabı yoxdur: “Mənnim rolum təhlükəsizlik dinamikasının ümumi görünüşünü göstərməkdir. Müdafiə sənayesi məhsullarının ixracatı ABŞ üçün çox mühüm, xüsusi bir məsələdir. Mən konkret cavab verə bilmərəm”

“ABŞ Dağlıq Qarabağ münaqişəsi məsələsində ikili standartlara niyə yol verir? Baxmayaraq ki, Ukrayna edilən təcavüzün eynisi Azərbaycana da edilib” sualını cavablandıran R. Fontaine yalnız bunları deyib: “Bir müddət əvvəl prezident Barak Obama hökuməti Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verməyə çalışdı. Ukraynaya gəldikdə isə ABŞ prezidenti şəxsən bu məsələ ilə məşğul olur. Çünki bu Rusiya tərəfindən birbaşa təcavüz əməliyyatıdır”.

Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanın hərbi təcavüzə məruz qalan ölkə olduğunu xatırladaraq, belə bir vəziyyətdə müdafiə sənayesinin inkişafı vacib əhəmiyyət daşıyıb. Onun sözlərinə görə, təcavüz ölkənin hərbi sənaye kompleksinin inkiaşfı istiqamətində dövlət başçısının tapşırığı ilə mühim işlər görülüb.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti haqda da danışan Y. Musayev əlavə edib ki, hərbi sənaye kompleksinin işini uğurlu hesab etmək olar.

“Azərbaycana bəzi qərb ölkələri tərəfindən silah satışına qoyulan embarqo nə zaman aradan qaldırıla bilər?” sualına cavabında Y. Musayev deyib ki, bu məsələ ilə bağlı embarqonu tətbiq edən ölkə nümayəndələri cavablandırması daha düzgün olardı.

Azərbaycanın müdafiə sənayesi kompleksinin inkişafında israrlı olduğunu qeyd edən nazir müavini daha çox işlərin görüləcəyini və özünümüdafiə texnologiyasının inkişaf etdiriləcəyini vuğrulayıb: Biz Allaha, prezidentimizə, dövlətə və qardaşlarımıza arxayınıq”.

MKEK şirkətinin baş direktoru İzzət Artunç isə əvvəlcə təmsil etdiyi qurumun fəaliyyəti haqda danışıb.

Azərbaycanla əlaqələrə toxunan şirkət rəhbəri bildirib ki, Azərbaycan müdafiə sənaye kompleksinin inkişafının bu illər ərzində canlı şahididir.

O, Türkiyənin bu məsələdə də Azərbaycana dəstək verməli olduğunu qeyd edib.

“Paramount Group” şirkətinin icraçı direktoru İvor İçikovitz Azərbaycan müdafiə sənayesinin fəaliyyətini yüksək dəyərləndirib.

Onun sözlərinə görə, təhlil etdikcə Azərbaycanda bu sahənin inkişaf tempini görmək olar: “Azərbaycan öz işini davam etdirməlidir. Yardım məsələsində Barak Obamanı da günahlandırmaq düzgün deyil. Sizin başqa tərəfdaşlarınız var. Mən bu tərəfdaşları son 2 gün ərzində sərgidə gördüm. Sizin böyük potensialınız var. Bu mənada ABŞ sizə lazım deyil. Çünki artıq ABŞ və Avropa müdafiə sənayesini dünyada ən güclü hesab etmək doğru deyil”.

Şirkət rəhbəri qeyd edib ki, Azərbaycan bu sahədə yeni-yeni uğurlara imza atır: “Azərbaycanı öz istəklərini həyata keçirməkdə israrlı olmağa çağırıram, Çüki doğru iş görürsünüz”.

Sonra tədbir panel şəklində, interaktiv formada davam edib.

Xatırladaq ki, konfrans Azərbaycan Müdafiə Sənayesi və Müdafiə nazirliklərinin dəstəyi, İTECA-nın təşkilatı yardımı, o cümlədən DAMEN və Roketsan müdafiə texnologiyası şirkətlərinin sponsorluğu ilə keçirilib.

AzeriDefence

KATEQORIYA:
Bu xəbəri paylaş