Müdafiə naziri və Prezidentin hərbi məsələlər üzrə köməkçisi ön xətdə – VİDEO

Müdafiə naziri və Prezidentin hərbi məsələlər üzrə köməkçisi ön xətdə – VİDEO

Prezident İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdən birində olublar.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıqdan sonra zirehli döyüş texnikası üçün saxlanclara, avtoparka, zabit və əsgər yataqxanalarına, qazanxana, camaşırxana, tibb məntəqəsi, ərzaq və əşya anbarları, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirilib.

Müdafiə nazirinin əmri ilə döyüş texnikasının təlim-həyəcan siqnalı ilə əraziyə çıxarılması tapşırığı uğurla icra olunub.

Qoşunların təmas xəttindəki əməliyyat şəraiti barədə məruzələri dinlədikdən və bölmələrdəki vəziyyətlə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov və general-polkovnik M.Əliyev üzbəüz yerləşən düşmən mövqelərini müşahidə ediblər. Müdafiə naziri bölmələrin daim döyüşə hazır vəziyyətdə olması barədə müvafiq tapşırıqlar verib.

Ön xətdə olan Müdafiə naziri Lələtəpə istiqamətindəki döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Şəxsi heyətlə görüş zamanı Ali Baş Komandanın rəhbərliyi altında aparılan genişmiqyaslı hərbi islahatlar, həmçinin hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması barədə danışan general-polkovnik M.Əliyev bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Sonda Novruz bayramı münasibətilə Ali Baş Komandanın təbrikləri şəxsi heyətə çatdırılıb, ön xətdə xidmət edən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim olunub və onlarla bayram süfrəsi arxasında söhbət aparılıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş