Müdafiə Nazirliyi: Azərbaycan Rusiya istehsalı olan müasir döyüş təyyarələrinin alınmasında maraqlıdır

Müdafiə Nazirliyi: Azərbaycan Rusiya istehsalı olan müasir döyüş təyyarələrinin alınmasında maraqlıdır

Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssislərindən ibarət heyət Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə olublar.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Rusiyanın Su-35 və MiQ-35 döyüş təyyarələrini istehsal edən hərbi zavodlarına baş çəkiblər. Rusiyanın qlobal silah bazarının liderlərindən biri olan “Rosoboroneksport” şirkətinin nümayəndələri və hərbi zavodların rəhbərliyi ilə keçirilən görüşlərdə Azərbaycanın Rusiya istehsalı olan ən müasir döyüş təyyarələrinin alınmasında maraqlı olduğu bildirilib.

Nümayəndə heyətinə təyyarələrin taktiki-texniki xüsusiyyətləri, döyüş qabiliyyəti, silahlanması, ümumilikdə aviasiya vasitələrinin istehsalı, istismarı və onlara texniki xidmət göstərilməsi barədə brifinqlər təqdim olunub.

Rusiya tərəfi öz növbəsində Azərbaycana Hərbi Hava Qüvvələrinin ehtiyaclarını ödəyəcək sayda döyüş təyyarələrinin təqdim edilməsinə hazır olduqlarını bildiriblər.

Hərbi pilotlar Rusiyanın hərbi aviabazalarında MiQ-35 təyyarəsində praktiki uçuşlar yerinə yetirib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş