Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın cəbhədə son vaxtlar həyata keçirdiyi məqsədyönlü təxribatlarla bağlı bəyanat yayıb.

Azeri Defence saytının məlumatına görə, Nazirliyin bəyanatında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyətin düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirildiyi bildirilir.

“Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutulması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub. Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb. Belə ki, dünən gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində düşmənin daha bir taktiki PUA-sı məhv edilib”, – deyə Nazirlik bəyan edib.

Müdafiə Nazirliyi bildirib ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

“Bəyan edirik ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə bəyanatda vurğulanır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş