Müdafiə Nazirliyinin yeni hərbi hissəsinin açılışı olub – YENİLƏNİB

Müdafiə Nazirliyinin yeni hərbi hissəsinin açılışı olub – YENİLƏNİB

Prezident İlham Əliyev martın 4-də Müdafiə Nazirliyinin Ağstafada yerləşən “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, bu hərbi hissənin tikintisinə 2017-ci ilin noyabr ayında başlanıb və 2019-cu ilin sentyabrında inşaat işləri başa çatdırılıb. Ümumi sahəsi 10 hektar olan hərbi hissənin ərazisində bütün zəruri sosial infrastruktur yaradılıb. Hərbi hissənin idarə heyəti üçün burada qərargah binası – ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları var.

Hərbi hissədə Ali Baş Komandan İlham Əliyevin, Müdafiə naziri, Baş qərargah rəisi və birlik komandirinin iştirakı ilə operativ müşavirə keçirilib.

Sonra Prezident İlham Əliyevə ən müasir yeni hərbi texnikalar təqdim olunub. Bildirilib ki, Döyüş maşını üzərində quraşdırılan “Spike-ER” tank əleyhinə idarə olunan raket kompleksi müxtəlif relyef şəraitinə uyğunlaşdırılan, 400 metrdən 8000 metrə qədər gündüz, gecə və məhdud görmə şəraitində düşmən tanklarını, piyadaların döyüş maşınlarını və zirehli texnikalarını məhv etmək üçün təyin olunan raketburaxıcı sistemdir.

122 millimetrlik 2A18 D-30 haubitsası, 122 millimetrlik ÖAQ 2S1 və 122 millimetrlik BM-21V YARS düşmənin açıq və qapalı yerlərdə yerləşən canlı qüvvəsini, atəş vasitələrini, uzunmüddətli örtülü açıq tipli müdafiə qurğularını məhv etmək, minalanmış sahələrdən keçid açmaq, düşmənin artilleriyasını və tank bölmələrini atəşə tutmaq üçün təyin olunub. RM-70 döyüş maşını M-21OF qəlpələnən-fuqas mərmisi ilə atış apararkən toplanma rayonlarında düşmənin canlı qüvvəsini və döyüş texnikasını, artilleriya və minaatan batareyalarını məhv etmək və susdurmaq, düşmənin istehkam, dayaq məntəqəsi və müqavimət mərkəzlərini dağıtmaq tapşırıqlarını yerinə yetirir.

152 millimetrlik “Dana M1M” özüyeriyən haubitsa avtomatik doldurmaya malik olan yeni artilleriya qurğusu olub, düşmənin artilleriyalarını, atəş vasitələrini, komanda və idarəetmə məntəqələrini, istehkam qurğularını, tank və zirehli texnikalarını məhv etmək üçün təyin olunub. 306 millimetrlik “Ekstra” taktiki raket sistemi iqlim şəraitindən asılı olmayaraq, 30-150 kilometr məsafəyə raket buraxmaqla cəmləşmə rayonlarında, marşda və döyüş düzülüşündə raket bölmələrini, ordu komanda məntəqələrini, mövqelərdə hava raket hücumundan müdafiə bölmələrini məhv etmək üçün təyin olunub.

“Polonez” və LORA əməliyyat-taktiki raket kompleksləri düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunlarının əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurmaq, dənizsahili istiqamətlərdə isə bundan əlavə, düşmən donanmasının yerləşmə məntəqələrini dağıtmaq və onun döyüş gəmilərini məhv etmək üçün təyin olunub.

MKAP-19 səhra komanda və idarəetmə məntəqələrinin daxilində və bir-biriləri arasında, həmçinin stasionar idarəetmə məntəqələri ilə İP texnologiyaları əsasında səs, data və video məlumat mübadiləsini təmin edən kompleksdir. Dövlət başçısına hərəkətli mobil kommunikasiya avadanlıqları barədə də məlumat verilib.

Ali Baş Komandan qoşunların strateji və əməliyyat idarəetmə orqanlarının istifadəsinə yeni verilmiş informasiya və kommunikasiya texnologiyaları ilə tanış olaraq operativ, gizli və yüksək səviyyəli qorunan idarəetmə sistemli videobağlantıda iştirak edib.

Ali Baş Komandan mərkəzi, ehtiyat, səhra şəraitində yaradılmış Ön, Hərbi Hava, Hərbi Dəniz və Xüsusi Təyinatlı Qüvvələrin, eləcə də digər qoşun növlərinin idarəetmə məntəqələri ilə birbaşa əlaqə saxlayaraq məruzələri qəbul edib və irimiqyaslı komanda-qərargah təlimlərində iştirak edən qoşunlara müvafiq tapşırıqlar verib.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş