Müdafiə Sənayesi Nazirliyində koronavirusla bağlı iclas keçirilib

Müdafiə Sənayesi Nazirliyində koronavirusla bağlı iclas keçirilib

Martın 21-də Müdafiə Sənayesi Nazirliyinin onlayn rejimdə iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Müdafiə Sənayesi naziri Mədət Quliyevin və məsul əməkdaşların iştirakı ilə keçirilən müşavirədə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə xüsusi rejimdə iş üzrə Təlimatından irəli gələn məsələlər müzakirə olunub.

MSN -nin rəhbərliyi koronavirus infeksiyasına qarşı Prezident İlham Əliyev tərəfindən qəbul edilən bütün qərarları dəstəkləyəcəyini, virusun yayılmasının qarşısının alınmasına kömək məqsədilə bundan sonra da hər cür ehtiyat tədbirlərinin həyata keçiriləcəyini qeyd edib.

Təlimata uyğun olaraq, əməkdaşların təhlükəsizliyinin təmini məqsədilə Nazirliyin mərkəzi aparatında və tabeli müəssisələrdə iclasların, müşavirələrin və toplantıların yalnız telefon və internet rabitəsi vasitəsilə keçirilməsi, mümkün olduğu halda əməkdaşların məsafədən işləmələrinin təşkili, o cümlədən 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlərin tətbiqi qərara alınıb.

Koronavirus infeksiyasına qarşı mübarizə ilə əlaqədar ölkədə xüsusi rejim tətbiq olunduğu gündən MSN tərəfindən bütün tabeli müəssisələrdə bir sıra qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, bütün ezamiyyətlər dayandırılıb, əməkdaşlara xarici ölkələrə şəxsi səfərləri məhdudlaşdırmaq məsləhət görülüb, vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınıb, müraciətlərə yalnız elektron və telefon rabitəsi vasitəsilə baxılması təmin edilib. Müşavirədə Koronavirusla Mübarizəyə Dəstək Fonduna MSN tərəfindən vəsait köçürüldüyü bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş