Müdafiə naziri: AAHM-də yüksək ixtisaslı zabitlərin hazırlanması üçün bütün imkanlar var.

Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) bu təhsil müəssisəsinə ümummilli lider Heydər Əliyevin adının verilməsinin 10 illiyinə həsr olunmuş tədbir keçirilib. “AzeriDefence”nin xəbərinə görə, tədbirdə Silahlı Qüvvələrin rəhbərliyi, ayrı-ayrı hərbi qurumların və güc strukturlarının nümayəndələri, məktəbin kursantı olmuş və hazırda ehtiyatda olan yüksək rütbəli zabitlər iştirak ediblər.

Əvvəlcə müdafiə naziri, general-polkovnik Zakir Həsənov AAHM-in həyətində H. Əliyevin abidəsi önünə əklil qoyub.

Tədbirdə qeyd olunub ki, AAHM 1921-ci ildə yaradılmış ilk Azərbaycan ali hərbi məktəbin davamçısıdır. Məktəb 28 nəfər Sovet İttifaqı Qəhrəmanı, 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı yetirib.

Tədbirdə çıxış edən məktəbin rəisi, general-mayor Heydər Piriyev Ali Baş Komandan, prezident İlham Əliyevə məktəbə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib: “Heydər Əliyevin adının məktəbimizə verilməsi elə bir hadisədir ki, biz bunun 20, 30, 40 illiklərini qeyd edəcəyik. Bu bizim məktəbin tarixində unudulmaz hadisədir”.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov məktəbin şəxsi heyətini təbrik edərək onlara təhsil və xidmətlərində uğurlar arzulayıb. “Ümummilli lider dəfələrlə bu məktəbdə olub, kursant və zabitlərə öz tövsiyələrini verib. Sizlərin təhsildə, təlimdə qazandığınız uğurlar bizi sevindirir. Məktəbin uğurları hər zaman dövlət rəhbərliyinin diqqətindədir. Bizim peşəkar hərbi kadrlara ehtiyacımız var”.

Z. Həsənov qeyd edib ki, bu gün AAHM-də Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən kursantlar təhsil alırlar. Məktəbdə yüksək ixtisaslı zabit kadrların hazırlanması üçün bütün imkanlar var.

“Bu gün bizim bir problemimiz var, o da Dağlıq Qarabağ münaqişəsidir. Silahlı Qüvvələrin Ali Baş Komandanı hər an torpaqlarımızı işğaldan azad etməyə hazır olmağı qarşımıza qoyub. Bizim dövlət bayrağımız işğal altındakı torpaqlarımızda dalğalanacaq”.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Sonda tədbir iştirakçıları adından dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş