Müdafiə naziri Erik Rubinlə müzakirələr aparıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Dövlət Katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubini qəbul edib. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Qonaq müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri, Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

ABŞ-Azərbaycan əlaqələrinin müxtəlif sahələr üzrə səmərəli davam etdiyini bildirən müdafiə naziri ikitərəfli hərbi əməkdaşlıq istiqamətində uğurların olduğunu və bundan sonrakı fəaliyyətlərin inkişaf perspektivlərini də qeyd edib.

Bölgədəki vəziyyətə münasibətini bildirən amerikalı qonaq, regionda sülhün bərqərar olması üçün ABŞ-ın apardığı səylərə və əlaqələrin genişlənməsi təşəbbüslərinə də toxunub.

Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş