Müdafiə naziri Qazaxıstanın Azərbaycandakı səfirini qəbul edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldı Jumabayevi qəbul edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İki ölkə arasında hərbi sahədə mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edən nazir dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri, Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu, problemin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini bildirib.

Öz növbəsində səfir dövlətlər arasında əlaqələrinin möhkəm tarixi bazaya və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını bildirib. Qazaxıstanla Azərbaycanın iqtisadi, siyasi, hərbi sahədə yaxın mövqedən çıxış etməsilə yanaşı, Xəzər dənizi məsələsində də vacib tərəfdaş olduqlarını qeyd edib.

Görüşdə Azərbaycan-Qazaxıstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Qazaxıstan Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi polkovnik Almaz Bazarbayev iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş