Müdafiə Nazirliyi cəbhədəki hadisələrə aydınlıq gətirdi: 8 hərbçimiz şəhid olub

Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki vəziyyətə dair bu gün növbəti məlumatı yayaraq baş verənlərə aydınlıq gətirib.

“AzeriDefence”nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məlumatda işğalçı Ermənistan Silahlı Qüvvələrinin son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın etdikləri qeyd olunub.

Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin bütün həmlələrini dəf edib. Şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xətti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

KATEQORIYA:
Bu xəbəri paylaş