Müdafiə Nazirliyi: “Nöqsanlara yol verən hərbi qulluqçular bir neçə dəfə xəbərdar ediliblər”

Azərbaycan Müdafiə Nazirliyinin qurumda aparılan kadr yerdəyişmələrinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən “AzeriDefence”nin sorğusuna cavab olaraq bildirilib ki, bu dəyişikliklər təbii qəbul edilməlidir: “Müdafiə Nazirliyində aparılan yerdəyişmələrlə bağlı məsələdə kriminal axtarmağa ehtiyac yoxdur. 2014-cü ilin yekunları və ondan sonrakı dövrdə müxtəlif sahələr üzrə Silahlı Qüvvələrdə aparılan yoxlamaların nəticələrindən sonra nöqsanlara yol verən hərbi qulluqçular bir neçə dəfə xəbərdar ediliblər. Müdafiə Nazirliyi rəhbərliyinin cəbhəboyu zonadakı apardığı son yoxlamaların nəticələrinə əsasən əvvəllər edilən xəbərdarlıqdan nəticə çıxarmayan şəxslər barədə müvafiq qərarlar qəbul edilib, nöqsanlara yol verənlərin bir qismi aşağı vəzifəyə keçirilib, digərləri isə kənarlaşdırılıb. Eyni zamanda nailiyyətləri olan şəxslər vəzifədə irəli çəkilib”.

Nazirlik bəyan edib ki, bu kimi tədbirlər Silahlı Qüvvələrdə mütəmadi olaraq həyata keçiriləcək. Media nümayəndələrinə bu məsələdə qeyri-adilik axtarmamaq, kimin hansı rütbədə, hansı vəzifəyə təyin olunması və kənarlaşdırılması barədə məlumatları yaymamaq tövsiyyə edilir.

KATEQORIYA:
Bu xəbəri paylaş