Müdafiə Nazirliyi: Qoşunların təmas xəttində heç bir yerdəyişmə yoxdur

Naxçıvan Muxtar Respublikasında əməliyyat şəraiti Əlahiddə Ümumqoşun Ordusunun tam nəzarəti altındadır
Azərbaycanın Müdafiə Nazirliyi elektron KİV-lərdə erməni mənbələrinə istinadən Naxçıvan Muxtar Respublikasının ərazisində düşmən tərəfindən yüksəkliklərin ələ keçirilməsi ilə bağlı yayılan məlumat və fotolara münasibət bildirib.

“AzeriDefence”nin xəbərinə görə, bununla bağlı Müdafiə Nazirliyinin rəsmi saytında yer alan məlumatda deyilir ki, ilk olaraq bu yazı və fotolar erməni mətbuatının Azərbaycana qarışı yalanla zəngin və daim qatı düşmənçiliyi ilə seçilən Levon Məlik-Şahnəzəryana məxsus olan saytda yerləşdirilib.

«Təhrif olunmuş, yanlış və səhv fikirlərlə dolu məqalə, o cümlədən, qeyri-müəyyən məkanda çəkilərək ona əlavə edilmiş bu fotolar erməni tərəfinin təbliğat xatirinə hazırladığı və daxili auditoriyaya ünvanladığı növbəti uydurmadır. Təəssüf doğuran isə odur ki, əksər erməni informasiya agentliklərinin bu xəbəri istifadə etmədikləri halda, Azərbaycanın elektron informasiya vasitələri bu məlumatı tirajlamaqla düşmən təbliğatına şərait yaradırlar», – deyə məlumatda vurğulanıb.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq yaratmağa cəhd göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.

Müdafiə Nazirliyi bəyan edib ki, yayılan məlumatların heç bir əsası yoxdur və ermənilərin növbəti dezinformasiyasıdır: «Naxçıvan Muxtar Respublikasında əməliyyat şəraiti Əlahiddə Ümumqoşun Ordusunun tam nəzarəti altındadır və qoşunların təmas xəttində heç bir yerdəyişmə yoxdur. Adı çəkilən məkanda isə “neytral ərazi” anlayışı ümumiyyətlə mövcud deyil. Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrindən bu kimi erməni yalanlarına uymamağı və ermənilərin yaydığı xəbərlərin təbliğatını aparmamağı tövsiyə edirik».

KATEQORIYA:
Bu xəbəri paylaş