Müdafiə Nazirliyi: “Silahlı Qüvvələrimiz nə canlı qüvvə, nə də silah və texnika sarıdan heç bir itki verməyib”

Ermənistan Müdafiə Nazirliyi cəbhədə uğursuz əməliyyat keçirmək cəhdindən sonra öz xalqının qəzəbindən qorxaraq vəziyyətlə bağlı növbəti dəfə dezinformasiya xarakterli məlumat yayıb.

“AzeriDefence”nin məlumatına görə, by barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bəyan edib.

Nazirlik bəyan edib ki, erməni tərəfi bu məlumatla xalqını aldadaraq cəbhədəki itkilərini, döyüş meydanında əsgər və zabitlərin qorxaqlıq göstərərək silah-sursatı atmaqla qaçdıqlarını, qeyri-peşəkarlıqlarını və o cümlədən ötən gecə həqiqətən cəbhənin Ağdərə-Tərtər istiqamətində uğursuz təxribat törətmək cəhdilərini etiraf edib.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşməndən fərqli olaraq qoşunların təmas xəttində heç bir xüsusi təyinatlı bölmələrimiz istifadə olunmur.

“Cəbhədəki vəziyyət və bir nəfər yaralı haqqında Mətbuat Xidməti tərəfindən səhər saatlarında verilən məlumatdan başqa Silahlı Qüvvələrimizin bölmələri nə canlı qüvvə, nə də silah və texnika sarıdan heç bir itki verməyib və əməliyyat şəraitinə tam nəzarət edir”, – deyə nazirlikdən bildirilib.

Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinin nümayəndələrinə növbəti dəfə müraciət edərək ermənilərin təxribat məqsədilə yaydığı xəbərlərdən istifadə etməməyi tövsiyə edib.

Qeyd edək ki, martın 6-a keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu Ağdərə-Tərtər istiqamətində qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı, görülən qabaqlayıcı tədbirlər və atəş gücü vasitəsilə düşmənə endirilən ağır zərbədən sonra itki verən işğalçılar silah və sursatı ataraq geri qaçmağa məcbur ediliblər.

Döyüşdə bir hərbi qulluqçu – çavuş Zahidov Dəyanət Mehman oğlu sağ əlindən yüngül yaralanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş