Müdafiə Nazirliyində kollegiya iclası keçirilib

Müdafiə Nazirliyində Azərbaycan Silahlı Qüvvələrinin rəhbər heyəti ilə 2014-cü ilin tədris dövrünün yekunlarına həsr olunmuş Kollegiya iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə və müstəqil xidmət rəisləri, birlik komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov prezident İlham Əliyevin tapşırığına əsasən orduda aparılan islahatlar, müdafiənin ön xəttinin möhkəmləndirilməsi, hərbi hissələrin müasir zirehli texnikalarla komplektləşdirilməsi, onların döyüşə hazırlıq vəziyyəti, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı, nizam-intizamın gücləndirilməsi, sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması sahəsində görülən işlər haqqında geniş məruzə ilə çıxış edib.

Kollegiya iclasında hesabat dövründə istiqamətlər üzrə görülən fəaliyyətlərlə bağlı vəzifəli şəxslərin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib.

Tədbirdə Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi general-mayor Rəhman Quliyev iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş