Müdafiə Nazirliyində Özbəkistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüş olub

Yanvarın 27-də Müdafiə Nazirliyində Özbəkistan müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-mayor Şavkat Normatovun rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov general-mayor Şavkat Normatovu qəbul edib.

Hər iki dövlətin Müdafiə Nazirliklərinin nümayəndələrinin geniş tərkibdə keçirilən görüşündə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov general-mayor Şavkat Normatovu qəbul edib. Görüşdə bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

General-mayor Şavkat Normatov da öz növbəsində dövlətlərarası əlaqələrinin möhkəm tarixi bazaya və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını, Özbəkistanla Azərbaycanın vacib tərəfdaş olduğunu qeyd edib.

Sonra Azərbaycan-Özbəkistan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Özbəkistan Müdafiə Nazirliyinin Silahlanma Baş İdarəsinin rəisi polkovnik Atabek İbadullayev və Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Şerzod Fayziyev iştirak ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş