Müdafiə Nazirliyinin idarə rəisi: “Bəzi özəl televiziya kanalları gəncləri işğal altında olan torpaqların təəssübünü çəkməyə yox, barlara çağırır”

“Əsgərlərin hərbi xidmətlə bağlı məruz qaldıqları ən amansız psixoloji təsir mülki həyatdan və KİV-lərin ordu həyatı, hərbi xidmət barədə yazdıqları yalanlardan irəli gəlir”.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi, polkovnik Rüfət Əmirovun Nazirliyin “Azimut” bülletenində nəşr olunmuş tədbirlərin birindəki çıxışında bildirilib.

Bir sıra hallarda bəzi qüvvələrin ordu ilə cəmiyyət arasında uçurum yaratmaq, ordunun imicini ləkələmək üçün çalışdıqlarını qeyd edən nazirlik rəsmisi özəl TV və radio kanallarını tənqid edib: “Bəzi özəl televiziya və radio kanalları gəncləri işğal altında olan torpaqların təəssübünü çəkməyə yox, restoranlara, barlara çağırır. Mənasız, bayağı şoular təşkil edərək kosmopolit düşüncə və əxlaq tərzini təbliğ edirlər”.

Polkovnik ölkədə vətənpərvərlik tərbiyəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə də toxunub: “Ölkəmizdə onlarla qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Vətənpərvərlik tərbiyəsi sahəsində bu təşkilatların əksəriyyətinin gördüyü işləri qənaət bəxş hesab etmək olmaz. Halbuki, onlar hərbi vətənpərvərlik klublarının təşkili qayğılarını öz üzərlərinə götürüb bu mühüm işə layiqli töhfələr verə bilərdilər”.

“Vətən qarşısında öz konstitusiya borcunu dərk edən, torpağını, xalqını
sonsuz məhəbbətlə sevən əsgər yetişdirmək valideynlərdən, bağça müəllimlərindən tutmuş komandirlərə qədər hər bir şəxsin, bütün humanitar profilli institutların, ictimai təsisatların birgə işidir. Çox təəssüflər olsun ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin yüksək effektindəndanışmaq, bütün problemlərin aradan qaldırıldığını söyləmək hələ tezdir”, – deyə polkovnik Əmirov vurğulayıb.

İdarə rəisi orduda nizamnamədən kənar hallarla mübarizə işlərindən də bəhs edib: “Dedovşina” plakatçılıq və şüarçılıq prinsipləri ilə aparılan mənəvi-ideoloji işin mahiyyətindən doğan bir hadisədir. Şəxsiyyətin mənəvi cəhətdən sındırılması, ləyaqətin alçaldılması bütövlükdə totalitar düşüncənin, əxlaq tərzinin mayasında idi. Azərbaycanda da silahlı qüvvələr quruculuğunun ilk dövrlərində onun təzahürlərinə rast gəlmək mümkün olurdu. Şəxsi heyətlə aparılan tərbiyə işinin əsas istiqamətləri müəyyənləşdirilərkən hər bir fərdin şəxsiyyətinə və mənlik hisslərinə hörmət edilməsinin vacibliyi ön plana çəkildiyinə görə bu təmayülün qarşısı demək olar ki alınıb”.

KATEQORIYA:
Bu xəbəri paylaş