Müdafiə Nazirliyinin MTT Baş İdarəsinin binası istifadəyə verilib – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Nazirliyin Maddi Texniki Təminat (MTT) Baş İdarəsinin əsaslı təmir edilmiş inzibati binasının açılışında iştirak edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi binada yerləşən idarə, şöbə, xidmət və bölmələrin xidməti, texniki və təminat otaqlarındakı vəziyyətlə tanış olub, şəxsi heyətin iş yerlərindəki şəraitini öyrənib.

Məlumat verilib ki, sahəsi 3 hektar ərazini əhatə edən inzibati binanın təmirinə 2013-cü ilin noyabr ayında başlanılıb. Ümumi sahəsi 3090 kv.m olan bina 3 mərtəbədən və zirzəmidən ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Təmir işləri çərçivəsində burada qazanxana inşa edilib və bina mərkəzləşdirilmiş istilik sistemi qurulub. Bundan əlavə ərazidə müasir tələblərə cavab verən yeməkxana da istifadəyə verilib.

Binanın açılışı və ərazi ilə tanışlıqdan sonra rəsmi tədbirlər üçün nəzərdə tutulmuş ümumi zalda Maddi Texniki Təminat Baş İdarəsinin zabit heyəti ilə görüş keçirilib. Müdafiə naziri hərbi hissələrin ərzaq, əşya-əmlak təminatına nəzarətin gücləndirilməsi, silah-sursatla təchizatı, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə əlaqədar tapşırıqlar verib.

KATEQORIYA:
Bu xəbəri paylaş