Müdafiə Nazirliyinin yeni yaşayış kompleksi istifadəyə verilib

Tədbirə prezident İlham Əliyev də qatılıbAzərbaycan Prezidenti İlham Əliyev Bakının Yasamal rayonu ərazisində Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılış mərasimində iştirak edib. Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanına raport verdikdən sonra dövlət başçısı yeni yaşayış kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev yaşayış kompleksində yaradılan şəraitlə yaxından tanış olub.
Müdafiə naziri Səfər Əbiyev dövlət başçısına məlumat verərək bildirib ki, 9 mərtəbəli iki binadan ibarət yeni yaşayış kompleksində hərbçilər üçün lazım olan bütün şərait yaradılıb. Ümumi yaşayış sahəsi 30 min kvadratmetrə yaxın olan birinci binadakı mənzillərin 184-ü üç, 20-si bir otaqlıdır. İkinci binanın mənzillərinin ümumi yaşayış sahəsi isə təqribən 18 min kvadratmetrdir. Bu binadakı mənzillərin 105-i üç, 3-ü isə iki otaqdan ibarətdir. Mənzillərin davamlı olaraq isti su ilə təmin olunması üçün müasir istilik sistemi yaradılıb. Yaşayış kompleksini elektrik enerjisi və su ilə təchiz etmək üçün iki yarımstansiya və digər lazımi avadanlıq quraşdırılıb. Kompleksin ərazisində abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.

Mənzillərdə yaradılan şəraitlə yaxından tanış olan dövlət başçısıyeni binaların sakinlərini təbrik edib.

KATEQORIYA:
Bu xəbəri paylaş