Müdafiə Naziri: Aprel döyüşləri Azərbaycan Ordusunun regionda ən güclü ordu olduğunu sübut etdi

2017-ci ildə Azərbaycanda ordu quruculuğunda görülən işlər öz müsbət nəticəsini verib, mühüm işlər görülməklə həyata keçirilən irimiqyaslı islahatlar ordunun döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olub.

“AzeriDefence”nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrikində deyib.

“Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın dünya birliyində layiqli yer tutmasına, bütün dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açır.

2017-ci il xalqımızın, ordumuzun şəxsi heyətinin yaddaşında əlamətdar hadisələrlə qalacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cari ildə ölkəmizin sosial-iqtisadi inkişaf dinamikası artmış, ordu quruculuğunda görülən işlər öz müsbət nəticəsini vermiş, mühüm işlər görülməklə həyata keçirilən irimiqyaslı islahatlar ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olub”, – deyə müdafiə nazirinin təbrikində bildirilib.

General-polkovnik Zakir Həsənov qeyd edib ki, Azərbaycan prezidentinin daim diqqət və qayğısı sayəsində orduda şəxsi heyətin sosial-məişət problemləri həll edilir, hərbi hissələrin maddi-texniki bazası daha da möhkəmlənir: “Yüksək ixtisaslı, peşəkar hərbçi kadrların hazırlanması prosesi ordu quruculuğunun mühüm tərkib hissəsi kimi uğurla davam etdirilir. Yeni hərbi şəhərciklər və hərbi hissələr istifadəyə verilir, müxtəlif qoşun növlərində müasir təlim mərkəzləri yaradılıb ki, bunlar da dövlətin orduya diqqəti və qayğısının parlaq təzahürüdür. Ordumuzun hərbi qüdrətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü islahatlar hərbi qulluqçularımızın döyüş əzmini, qələbə ruhunu daha da artırır.

Ötən ilin aprelində cəbhə xəttində düşmənin hərbi təxribatlarının qarşısının alınmasında hərbçilərimizin göstərdiyi şücaət Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan tamamilə azad etmək əzmini bir daha təsdiqləməklə regionda ən güclü ordu olduğunu sübut etdi. Həmin günlərdə müxtəlif ölkələrdə yaşayan soydaşlarımız da bu qələbədən qürur duyduqlarını, hərbçilərimizə dəstək olduqlarını nümayiş etdirdilər”.

Azərbaycan Ordusunda keçirilən taktiki təlimlər ordunun döyüş qabiliyyətini daha da artırır, gücləndirir deyən Zakir Həsənov bəyan edib ki, Azərbaycan Ordusu Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırdır.

“Bayramlar ərəfəsində şəhidlərimizin unudulmaz xatirəsini bir daha hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda xidmətdə olan şəxsi heyəti bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xidmətdə uğurlar arzulayıram”, – deyə müdafiə nazirinin təbrikində bildirilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş