Müdafiə Nazirliyi: “Azərbaycan tərəfi atəşkəs rejiminə sadiq qalaraq yalnız düşmən təxribatının qarşısının alınması tədbirlərini həyata keçirir”

Ermənistanın kütləvi informasiya vasitələrinin iyulun 8-nə keçən gecə cəbhənin Ağdam istiqamətində guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin təxribat hərəkəti barədə yaydığı məlumat həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır.

“AzeriDefence”nin bildirdiyinə görə bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistanda hökm sürən qeyri-sabit siyasi vəziyyətdən ölkə ictimaiyyətinin fikrini yayındırmaq məqsədi güdən Ermənistan rəhbərliyi bu cür dezinformasiya xarakterli məlumatları yaymaqla cəbhədəki vəziyyəti növbəti dəfə gərginləşdirməyə cəhd göstərir.

“Əvvəllər də bəyan etdiyimiz kimi, Azərbaycan tərəfi atəşkəs rejiminə sadiq qalaraq yalnız düşmən təxribatının qarşısının alınması tədbirlərini həyata keçirir”, – deyə nazirlik bəyan edib.

Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır, düşmənin ön xətdəki istənilən təxribatının qarşısı bundan sonra da qətiyyətlə alınacaq. Baş verə biləcək bütün hadisələrə görə isə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş