Müdafiə Nazirliyi: Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir

Noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Сavab tədbirləri nəticəsində düşmən susdurulub.

“Bildiririk ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür”, – deyə Nazirlik bəyan edib.

Müdafiə Nazirliyinin yaydığı məlumatda o da qeyd olunub ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri, işğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Qaraqaşlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

KATEQORIYA:
Bu xəbəri paylaş