Müdafiə Nazirliyi: “Ermənilər Azərbaycan və Rusiya münasibətlərinin yüksələn xətlə inkişaf etməsindən narahatdır”

Silahlı Qüvvələrimiz tərəfindən mülki sakinlər, qeyri-döyüş texnikası və obyektlərə heç vaxt atəş açılmayıb

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın bəzi kütləvi informasiya vasitələri dövlət sərhəddində Rusiyaya məxsus yük maşınının guya atəşə tutulması barədə yayılan məlumatlara münasibət bildirib.

“AzeriDefence”nin sorğusuna cavab olaraq, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, son vaxtlar iflasa uğrayan erməni hərbi və təbliğat sistemi Azərbaycan və Rusiya münasibətlərinin mehriban dost, qonşu, tərəfdaşlıq çərçivəsində olmasından və ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etməsindən həmişə olduğu kimi yenə də narahatdır.
“Erməni tərəfi dövlətlərimizin bu əlaqələrinə qısqanclıqla yanaşır, həsəd və qibtə hisslərini cilovlaya bilmədiklərindən məqsədyönlü surətdə törətdikləri hadisəni növbəti dəfə Azərbaycan tərəfinin üzərinə yıxmaqla guya öz aləmlərində bu münasibətlərə xələl gətirə biləcəklərini zənn edirlər. Silahlı Qüvvələrimiz tərəfindən mülki sakinlər, qeyri-döyüş texnikası və obyektlərə heç vaxt atəş açılmayıb. Bu səbəbdən də yayılan məlumatların heç bir əsası yoxdur, yalandır və düşmən tərəfinin növbəti uğursuz təxribat cəhdidir”.

KATEQORIYA:
Bu xəbəri paylaş