Müdafiə Nazirliyi: “Ermənilərin 4 hərbçisi öldürülüb, 16 yaralısı var”

Ötən gün baş verən döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu şəhid olub, 3 nəfər yüngül yaralanıb

Azərbaycan Müdafiə Nazirliyi sentyabrln 25-də cəbhədə baş verən döyüşlə bağlı rəsmi məlumat yayıb.

“AzeriDefence”nin xəbərinə görə, Nazirliyin yaydığı məlumatda bildirilib ki, sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib.

Erməni hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.

“Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir. Bildiririk ki, şəhidlərimizin qanı həmişə olduğu kimi, bu dəfə də yerdə qalmayacaq”, – deyə Müdafiə Nazirliyi qeyd edib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin düşmənə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var. Onlardan 10 nəfəri ağır vəziyyətdədir.

“Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir, düşmənin istənilən hərəkətinin qarşısı daha üstün silahlar tətbiq edilməklə qətiyyətlə alınır. Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə Nazirlik bəyan edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş