Müdafiə Nazirliyi müraciət etdi: “Cəbhə xəttindən çəkdirdiyiniz fotoları sosial şəbəkələrdə yaymayın”

Azərbaycanın Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən “AzeriDefece”yə verilən məlumata görə, müraciətdə qeyd olunub ki, Silahlı Qüvvələrin keçirdiyi son uğurlu əks-həmlə əməliyyatlarından ruhlanan Azərbaycan xalqı orduya müxtəlif  sahələrdə hərtərəfli kömək etmək niyyəti ilə dəstəyini əsirgəmir: “Azərbaycan əsgərinin uğurlarından qürur duyan vətəndaşlarımızın atdığı bu addımlar könüllülük prinsipi əsasında həyata keçirilib. Bir daha xatırladırıq ki, hər hansı yardımın göstərilməsi ilə bağlı nazirlik rəsmi surətdə heç bir çağırışla çıxış etməyib. Şəxsi təşəbbüslərlə həyata keçirilən istənilən dəstəyə görə Müdafiə Nazirliyi adından hər kəsə dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda qeyd edirik ki, Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə tam əhatə olunub, təminat və təchizat məsələləri yüksək səviyyədə, keyfiyyətlə davamlı surətdə həyata keçirilir”.

Bütün sosial şəbəkə istifadəçilərinə müraciət edən Müdafiə Nazirliyi bildiri ki, işğaldan azad olunmuş torpaqlara səfər edən dövlət, qeyri-hökumət təşkilatları, ictimaiyyət, media nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri olduqları ərazilərdə apardıqları foto və videoçəkilişlərini təəssüflər olsun ki, internet informasiya resursları vasitələri ilə yayırlar.

“Bu foto və videoların yayılmasının müdafiə maraqlarımıza zidd olmasını, hazırda ön xətdə yerləşən hərbi qulluqçularımızın təhlükəsizliyinə təhdid yaradacağını, eləcə də düşmən kəşfiyyatı üçün maraqlı olduğunu nəzərə alaraq sosial şəbəkələrdə şəxsi profillərdə mövcud olan görüntülərin təcili surətdə silinməsi xahiş olunur, gələcəkdə yerləşdirilməməsi təkidlə tövsiyə edilir və hamılıqla bu tədbirdə yaxından iştirak edilməsinə çağırırıq”, – deyə Nazirliyin müraciətində qeyd olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş