Müdafiə Nazirliyi: Təxribata cəhd göstərən Ermənistan Ordusu itkilərə məruz qalıb

Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən Azərbaycan Ordusunun bölmələrinin pusqusuna düşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

“Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır. Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcək”, – deyə Nazirlik bəyan edib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi silahlı toqquşmada öldürülmüş şəxsi heyətdən 3 nəfərin adını açıqlayıb. Bunlar baş leytenant Şavarş Məlikyan, əsgər Edqar Narayan və Erik Abovyandır.

KATEQORIYA:
Bu xəbəri paylaş