Müdafiə Nazirliyində bir qrup jurnalistə akkreditə vəsiqələri təqdim olunub

General-leytenant Kərim Vəliyev: “Düşmənin hər bir itkisi bizə adbaad bəlllidir”

Bu gün Müdafiə Nazirliyində akkreditə olunan jurnalistlərə akkreditə vəsiqələri təqdim olunub.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə Nazirliyinin Şəxsi Heyətlə İş üzrə Baş İdarəsinin yeni inzibati binasında keçirilən tədbirdə çıxış edən nazir müavini, general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada və Silahlı Qüvvələrlə çalışacaq jurnalistlərin akkreditə olunması barədə müvafiq qərarın 2014-cü ilin sonlarında qəbul edildiyini, vəsiqələr verilən jurnalist və yaradıcı heyətin müvafiq prosedurlardan keçdiyini bildirib.

Azərbaycan Silahlı Qüvvələrində son illər həyata keçirilən tədbirlər, cəbhə xəttindəki vəziyyət barədə danışan nazir müavini bu istiqamətdə nailiyyətlərin əldə edildiyini, düşmənin cəbhədə çox sayda itkilər verdiyini deyib.

“Cəbhə xəttində Ermənistan Ordusu çox sayda itkilər verir. Amma onlar bu itkilərini öz imiclərini itirməmək, etibardan düşməmək üçün ictimaiyyətlərindən gizlətməyə çalışırlar. Düşmənin hər bir itkisi adbaad bizə bəllidir”, – deyə general-leytenant K. Vəliyev vurğulayıb.

Nazir müavini müasir dövrdə fiziki müharibələrlə yanaşı psixoloji müharibələrə böyük önəm verildiyini, sonuncunun aparılmasında KİV-lərin mühüm rol oynadığına diqqət yönəldib: “Bu gün bizim psixoloji müharibə jurnalistlərin üzərinə düşür. Ona görə də hamımız bir olmalıyıq”.

K. Vəliyev Müdafiə Nazirliyi ilə çalışacaq KİV nümayəndələrinə öz tövsiyyələrini verib, jurnalistlərin fikirlərini və təkliflərini dinləyib. Nazir müavini KİV ilə əlaqələrin gücləndirilməsi, operativliyin artırılması və qarşıya çıxan problemlərin həlli istiqamətində tapşırıqlarını verib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş