Müdafiə Nazirliyindən Abdulla Qurbani ilə bağlı yeni qərar

Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Nazirliyin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, polkovnik, prezident təqaüdçüsü, əməkdar incəsənət xadimi Abdulla Qurbani Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif olunaraq bu gün rəsmən hərbi xidmətdən istefaya göndərilib.

“AzeriDefence”nin məlumatına görə, Nazirlikdə bu gün A. Qurbaninin Silahlı Qüvvələrdən ehtiyata göndərilməsi münasibəti ilə keçirilən tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, hərbi hissələrdən müvafiq istiqamətlərə məsul zabitlər iştirak ediblər.

Abdulla Qurbani mükafatlara Silahlı Qüvvələrdə uzun müddət qüsursuz xidmətinə, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsi, hərb elminin inkişafına verdiyi töhvələr, şəhid adının əbədiləşdirilməsi, həmçinin şəhid ailələrinə göstrilən qayğı və diqqətə görə layiq görülüb.

Tədbirdə çıxış edən polkovnik A. Qurbani göstərilən diqqətə görə, prezident,  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, müdafiə naziri general-polkovnik Zakir Həsənova və Nazirliyin rəhbərliyinə minnətdarlığını ifadə edib. O, qeyd edib ki, bundan sonra da ölkədə hərbi-vətənpərvərlik təbliğatının aparılmasına öz töhvəsini verəcək.

“AzeriDefence”nin məlumatına görə, yaş həddinə görə, hərbi xidmətdən ehtiyata çıxan A. Qurbani bundan sonra dövlət qulluqçusu kimi Müdafiə Nazirliyində fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Abdulla Qurbaninin hərbi xidmətdən tərxis edilməsi barədə əmr dekabrın 15-də verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş