Müdafiə Nazirliyinin işindən azad edilən iki polkovniki yeni vəzifəyə təyin olunub / YENİLƏNİB

Azərbaycan Müdafiə Nazirliyində bir həftə əvvəl vəzifəsindən azad edilmiş polkovnik rütbəli iki zabit nazirlikdə yeni vəzifəyə təyin olunublar.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Elxan Məcidov vəzifəsindən azad edildikdən dərhal sonra Maddi-Texniki Təminat Baş İdarəsinin Planlaşdırma şöbəsinə rəis təyin edilib.

Müdafiə Nazirliyinin işindən azad edilmiş Daxili təhlükəsizlik idarəsinin rəisi polkovnik Ramin Əsgərov isə başqa bir idarəyə şöbə rəisi təyin edilib.

Qeyd edək ki, polkovniklər – Elxan Məcidov, Ramin Əsgərov və HDQ komandanı vəzifəsini icra edən Hicran Rüstəmzadə işlərində yol verdikləri nöqsanlarla əlaqədar Prezident Adminstrasiyası məsələyə qarışandan sonra vəzifələrindən azad edilmişdilər.

Polkovnik Elxan Məcidov uzun müddət Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməkçisi olub. Ramin Əsgərovun isə N. Sadıkovla yaxın qohum olduğu bildirilir.

Müdafiə Nazirliyindən məsələ ilə bağlı “AzeriDefence”nin sorğusuna cavab olaraq bildirilib ki, 1960-cı ildə anadan olan 57 yaşlı Hərbi Dəniz Qüvvələri Komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) Müdafiə nazirinin müvafiq əmri ilə ehtiyata buraxılıb.

“Polkovnik Elxan Məcidov xidməti zərurətlə əlaqədar olaraq nazirin əmri ilə digər vəzifəyə təyin olunub. Polkovnik Ramin Əsgərov isə heç bir digər vəzifəyə keçirilmədən nazirliyin müvafiq idarəsinin rəisi vəzifəsində xidmətdədir”, – deyə Nazirlik bəyan edib.

KATEQORIYA:
Bu xəbəri paylaş