Müdafiə Sənayesi Nazirliyi yeni silahların istehsalına hazırlaşır

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) yeni silahların və döyüş sursatlarının istehsalına hazırlaşır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov 17 dekabr müdafiə sənayesi işçilərinin peşə bayramı münasibəti ilə “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.

Nazir qeyd edib ki, hazırda alınmış və quraşdırılmış texnoloji xətlərdə müxtəlif tipli izburaxan gülləli patronların, müxtəlif çaplı və müxtılif növ döyüş sursatları üçün partladıcıların, 6 növ kiçik və iri kalibrli lülələrin, 6 növ artilleriya və tank topları üçün mərmilərin, avtomatik topun istehsalının mənimsənilməsi işləri aparılır.

MSN-də aparılan elmi tədqiqat və təcrübi-konstruktor işlərindən də bəhs edən nazir Y. Camalovun sözlərinə görə, Nazirliyin Elmi-Tədqiqat İnstitutu (ETİ) və Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən ötən müddət ərzində yeni növ müdafiə təyinatlı məmulatların yaradılması istiqamətində məqsədyönlü işlər aparılıb. Dövlət Müdafiə Sifarişi Proqramı xətti ilə ETİ-də 17 mövzu, MAKA-da isə 12 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri yerinə yetirilib. 2007-2015-ci illər ərzində sözügedən qurumlar üzrə elmi-nəzəri biliklərin istehsalata tətbiqi ilə bağlı yüzlərlə elmi-tədqiqat işləri yerinə yetirilib və müsbət nəticələr əldə olunub. 2007-ci ildən nazirlikdə fəaliyyət göstərən Elmi-Texniki Şurada 7 mövzu, şuranın müvafiq bölmələrində isə 80 mövzu üzrə müzakirələr aparılaraq, onlardan bir qisminin istehsalata tətbiq olunması barədə müvafiq qərarlar qəbul edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş