Müdafiə Sənayesi Nazirliyində Apellyasiya Şurası yaradılıb

Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli, 762 nömrəli Fərmanına uyğun olaraq Müdafiə Sənayesi Nazirliyində (MSN) Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.

Bu barədə “AzeriDefence”yə MSN-in mətbuat xidmətindən məlumat verilib.

Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Apellyasiya Şurasına müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev sədr, nazirliyin şöbə müdirləri Fərrux Vəzirov, Eldar Bağırov, Fikrət Axundov, Vəli Fətəliyev, İsmayıl Kərimov və Bəxtiyar Əsədov isə üzvlər təyin ediliblər.

Apellyasiya Şurasının Katibliyinə nazirliyin Aparat rəhbəri Üzeyir İsmayılov rəhbərlik edəcək. Katibliyin tərkibinə nazirliyin sektor müdirləri Ceyhun Ömərli, Xasay Əmirov, Ramin Şahbazov, baş məsləhətçilər Akif Məmmədov, Şəfəq Kərimova və böyük məsləhətçi Rövşən Əhmədov daxil ediliblər.

Apellyasiya Şurası Bakı şəhəri, Mətbuat prospekti, 40 ünvanında – Müdafiə Sənayesi Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş