Müdafiə Sənayesi Nazirliyində səyyar kollegiya keçirilib

Bu gün nazir Yavər Camalovun sədrliyi ilə Müdafiə Sənayesi Nazirliyinin (MSN) səyyar kollegiyası keçirilib.

MSN-nin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.

Kollegiyanın sədri Yavər Camalov bildirib ki, Avropada, eləcə də bölgədə iqtisadi, hərbi, siyasi böhran yaşanmasına baxmayaraq, ölkə başçısı İlham Əliyev tərəfindən aparılan düşünülmüş və müstəqil siyasət nəticəsində respublikamızın iqtisadiyyatı uğurla inkişaf edir. Son illərdə əldə olunmuş nailiyyətlər növbəti illərdə də iqtisadiyyatın davamlılığının təmin edilməsi üçün zəmin yaradıb.

Y. Camalov qeyd edib ki, təmas xəttində tam üstünlüyü əldə edən və düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə, MSN-in müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

Nazir bildirib ki, Müdafiə Sənayesi Nazirliyi cari ilin doqquz ayında uğurlu nəticələr əldə edib. Hesabat dövründə nazirliyin müəssisələrində 2015-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilmiş, respublikanın güc strukturlarının sifarişləri əsasında müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilib. Eləcə də, mülki məmulatların istehsalının genişləndirilməsi davam etdirilib. Mülki məhsulların istehsalı üzrə proqnoza 102,5 faiz əməl edilib.

Cari ildə istehsal olunan məmulatların 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini isə mülki məmulatlar təşkil edir. 2015-ci ilin istehsal proqramına uyğun olaraq doqquz ayda nazirliyin müəssisələrində yaradılma üzrə 81 mövzunu və 143 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib.

Hesabat dövründə qumbaraatanlar üçün atəş yığımlarının və minalar üçün partladıcıların istehsalı mənimsənilmiş və seriyalı istehsala verilib.

Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir.

Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə 20 mövzu, o cümlədən dövlət sifarişi xətti ilə 9 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Eləcə də, Milli Aerokosmik Agentliyinin (MAKA) 2015-ci ildə elmi-tədqiqat işləri üzrə planında müdafiə təyinatlı məmulatların fəaliyyət prinsiplərinin işlənməsi, aerokosmik məlumatların emalının təkmilləşdirilməsi və ekoloji monitorinq məsələlərinin həllinə xüsusi yer verilib.

Kollegiyada qeyd olunub ki, 2009-cu ildən beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyində 2016-cı ildə Bakıda keçiriləcək “ADEX-2016” II Beynəlxalq Müdafiə Sərgisi ilə bağlı hazırlıq işləri davam etdirilir. Artıq 100-dən artıq beynəlxalq şirkətin sərgidə iştirak üçün qeydiyyatdan keçdiyi bildirilib.

Kollegiya iclasında nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hesabatları dinlənilib və müəssisələrin fəaliyyətləri müzakirə edilib.

Yavər Camalov hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini  bildirib.

Sonda nazir Yavər Camalov Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı Respublika Prezidenti İlham Əliyevin verdiyi  tapşırıqları  bir daha iclas iştirakçılarına xatırladıb. Nazir, Ali Baş Komandan tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar struktur bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verib.

KATEQORIYA:
Bu xəbəri paylaş