Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər – FOTOSESİYA

Dekabrın 17-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşları peşə bayramlarını qeyd etdilər.

“AzeriDefence” xəbər verir ki, müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin, görkəmli oftolmaloq Zərifə xanım Əliyevanın, Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət edib, onların xatirəsini yad ediblər.

Sonra “Radioquraşdırma” zavodunun Akt zalında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə tədbirin rəsmi hissəsinə başlanılıb.

Tədbiri açan nazir Yavər Camalov Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü münasibəti ilə kollektivi təbrik edib. Bildirilib ki, bayram ərəfəsində prezident İlham Əliyev nazirliyin bir qrup əməkdaşının “Əməkdar mühəndis” fəxri adına layiq görülmələrinə, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmalarına dair sərəncamlar imzalayıb. Nazir bu münasibətlə prezident İlham Əliyevə kollektiv adından təşəkkürünü bildirib. Y.Camalov qeyd edib ki, ölkənin sənaye infrastrukturunun inkişafı ilə bağlı təsdiq olunmuş  “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” respublikanın digər qurumları ilə yanaşı Müdafiə Sənayesi Nazirliyinin də qarşısında böyük öhdəliklər qoyub.

“Hazırda Dövlət Proqramının icrası ilə əlaqədar Müdafiə Sənayesi Nazirliyinin kollektivi qarşısında qoyulmuş mühüm vəzifələrin icrası istiqamətində işlər davam etdirilir. Belə ki, ötən illərdən icrasına başlanılmış tikinti işləri başa çatdırılmış 56 istehsal müəssisəsi ilə yanaşı, cari ilin iyununda 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılmış və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Yaxın zamanlarda daha 2 zavodun – artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması, mexaniki emalı və həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışları nəzərdə tutulur. Eyni zamanda, döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr – piroksilin, ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də,  müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri də davam etdirilir”, – deyə Y.Camalov vurğulayıb.

Nazir bildirib ki, ötən illərdə olduğu kimi, cari ildə də MSN tərəfindən qarşıya qoyulan vəzifələrin icrası təmin edilib: “Cari ilin İstehsal Proqramı üzrə Müdafiə Nazirliyi və respublikanın digər güc strukturları tərəfindən verilmiş sifarişlərə uyğun olaraq məmulatların istehsalı, təmiri və utilizasiyası işləri yerinə yetirilmiş və onların təhvili həyata keçirilir. Hesabat dövründə Müdafiə Nazirliyi və respublikanın digər güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artmışdır. Müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində ötən ilin müvafiq dövrünə nisbətən 6,5 faiz artım əldə olunub. Bu artım ixrac əməliyyatları hesabına təmin edilib. İstehsal olunan ümumi məhsulun tərkibində həmin məmulatların payı 91,5 faiz təşkil edir. Cari ildə də yeni nəsil silah növlərinin istehsalı ilə bağlı ölkə başçısının verdiyi tapşırıqların icrası istiqamətində məqsədyönlü işlər davam etdirilmişdir. Həmin layihələr sırasında yeni nəsil təsir gücü artırılmış qəlpəli-fuqaslı və daha təkmilləşdirilmiş kumulyativ başlıqlı pilotsuz uçuş aparatlarını, Azərbaycanın milli məhsulu olan “Tufan” zirehli maşınını və digərlərini göstərmək olar”.

Nazir Y.Camalov bəyan edib ki, 2017-ci ildə nazirliyin müəssisələrində 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri davam etdirilir: “Cari ildə nazirliyin müəssisələri tərəfindən 4 məmulat üzrə – xüsusi təyinatlı ”Yalquzaq” snayper tüfənginin, F-1 tipli təlim əl qumbarasının, KXP tipli optik kollimatorun və 40 mm-lik əl qumbaraatanının yaradılma işləri tam başa çatdırılmış və seriyalı istehsalı təşkil olunub. Eyni zamanda, xüsusi təyinatlı əl pulemyotunun dövlət sınaqları yekunlaşmış və silahlanmaya qəbul edilməsi tövsiyyə olunub. Bununla yanaşı, QP-25 tipli əl qumbaraatanının, müxtəlif tipli avtomatların ilkin sınaqları keçirilib, kiçik çaplı atıcı silahlar üçün 4 növ lülələrin, müxtəlif mm-lik uzaq mənzilli minaatanların, müxtəlif mm-lik atəş yığımları üçün partladıcıların sınaqlarına başlanılıb. Yaradılma işləri üzrə 44 mərhələ tam yerinə yetirilib.

Nazirliyin müəssisələrində müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi və istehsalı istiqamətində də məqsədyönlü işlər aparıldığını vurğulayan Y.Camalov bildirib ki, artıq, yeni növ mülki məhsulların istehsalı istiqamətində aparılmış işlər öz bəhrəsini verməkdədir.  Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir. Nazirin sözlərinə görə, MSN-nin Elmi-Tədqiqat İnstitutunda 2017-ci ildə 31 mövzu, o cümlədən, müdafiə təyinatlı məmulatların yaradılması işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Milli Aerokosmik Agentliyi tərəfindən isə (MAKA) 2017-ci ildə müxtəlif sahələri əhatə edən 34 mövzu üzrə, o cümlədən, 17 müdafiə təyinatlı məmulatın yaradılması işləri aparılır. Y. Camalov qeyd edib ki, slkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi üzrə nazirlikdə məqsədyönlü işlərə başlanılıb.

“Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəsisələrində yaradılan və istehsal olunan məmulatlardan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və s. ixracı həyata keçirilir. Hazırda 10-dan çox ölkəyə Azərbaycanın istehsalı olan hərbi məhsullar ixrac edilir. 2009-cu ildən ölkə başçısının tapşırığına əsasən ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələrin qabaqcıl firma və şirkətlərinin təmsil olunduqları beynəlxalq müdafiə sərgilərinə qatılan Müdafiə Sənayesi Nazirliyi sonuncu təmsil olunduğu, cari ilin mayında Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2017” Beynəlxalq müdafiə sərgisində 260 adda məmulat nümayiş etdirilib. Digər sərgilərdə olduğu kimi bu sərgidə də nümayiş etdirilən məmulatlar böyük maraqla qarşılanıb. Sərginin keçirildiyi günlərdə tədbirə qatılan digər ölkələrin nümayəndələri ilə qələn il Bakıda keçiriləcək “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisində iştirakla bağlı razılaşmalar əldə olunub. Nazirliyin təmsil olunduğu beynəlxalq sərgilər çərçivəsində hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə razılıqlar əldə olunmuş, bir sıra layihələrin reallaşdırılması ilə bağlı fikir mübadilələri aparılıb. Eyni zamanda, məmulatların ixracı üzrə memorandum və niyyət protokolları imzalanıb”, – deyə Y.Camalov vurğulayıb.

Nazir bütün bu sadalanan uğurları Prezident İlham Əliyevin ölkənin sənaye infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin nəticəsi kimi dəyərləndirib.

Digər çıxış edənlər qeyd etdilər ki, daim dövlət başçısının diqqət və qayğısını hiss edən Müdafiə Sənayesi Nazirliyinin kollektivi bundan sonra da ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında respublikanın müdafiə sənayesinin inkişafı istiqamətində qüvvələrini səfərbər edərək, Azərbaycan ordusunu yeni növ silah, hərbi texnika və döyüş sursatları ilə təmin edəcək.

Tədbirdə dövlət başçısının müvafiq sərəncamları ilə fəxri adlara layiq görülmüş və medallarla təltif olunmuş nazirliyin əməkdaşları kollektiv tərəfindən təbrik edilib. Nazirlik tərəfindən bir neçə qabaqcıl işçiyə “Qabaqcıl müdafiə sənayesi işçisi” nişanı, Fəxri Fərman, pul və qiymətli hədiyyələr təqdim edilib. Eyni zamanda, nazirliyin bir neçə əməkdaşı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Fəxri Fərmanlarla təltif olunublar.

Tədbirin sonunda nazirliyin kollektivi adından Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş