Murad BAYAR: Azərbaycanla ortaq müdafiə sənayesi yaradılmasını istəyirik

“Dəniz sektorunda işbirliyinin qurulması potensialını görürəm”

Türkiyə Milli Müdafiə Nazirliyinin müdafiə sənayesi katibi Murad BAYAR-ın AZERİ DEFENCE jurnalına müsahibəsi- Murad bəy, Türkiyə müdafiə sənayesinin bu il son mərhələyə qədəm qoyan layihələri barədə oxucularımıza nələri söyləyə bilərsiniz? 2013-cü il Türkiyə müdafiə sənayesi tarixində hansı hadisələr ilə qalacaq?

– Türkiyə müdafiə sənayesi Silahlı Qüvvələrimizin xaricdən asılılığını aradan qaldırmaq üçün son illər mühüm layihələrə start verib. Bildiyiniz kimi, artıq bu il əvvəlki illərdə başlatdığımız bəzi layihələr son mərhələsinə qədəm qoyub. 2013-cü il ərzində biz həmin layihələr üzrə bir sıra məhsulları silahlanmaya qəbul etmək niyyətindəyik. Bu layihələri aşağıdakı kimi sıralaya bilərəm:
– Cari il ərzində T-129 ATAK helikopterinin Türkiyə Silahlı Qüvvələrinə çatdırılmasına başlanacaq və hazırda bununla bağlı müvafiq işlər aparılır. ATAK Silahlı Qüvvələrimizin silahlanmasında önəmli bir hava platformasına çevriləcək. Bununla Silahlı Qüvvələrimizin hücum helikopterlərinə olan ehtiyacını ən müasir texnologiya, yüksək performanslı bir milli helikopter hesabına qarşılamış olacağıq. İlk helikopterlərin çatdırılması ilə yanaşı seriyalı istehsal prosesi də davam edəcək.
– Bizim digər önəmli layihəmiz cari ildə seriyalı istehsalına başlayacağımız Anka pilotsuz uçuş aparatıdır. Artıq adıçəkilən pilotsuz uçuş aparatının (PUA) testləri və yaradılma işləri tamamlanıb. Ankanın ilk prototipləri bu il Silahlı Qüvvələrmizin istifadəsinə veriləcək. Bununla yanaşı PUA-nın seriyalı istehsalı aparılacaq.
– Anka ilə paralel olaraq Vestel Savunma və Kale-Baykar ortaqlığının hazırladığı taktik PUA-ların uçuş testlərini planlaşdırırıq. Eyni zamanda Vestel Savunma firmasının istehsalı olan Karayel adlı taktik pilotsuz uçuş aparatının Silahlı Qüvvələrə çatdırılmasına başlayacağıq.
– Quru nəqliyyat vasitələrindən, Altay milli müharibə tankımız testlərinə davam edəcək. Tank 2013-2014-cü illəri əhatə edən, hərəkət və atış testlərinin daxil olduğu, iki illik gərgin test proqramını keçməlidir. Testlərlə eyni zamanda 2015-ci ildən Altayın seriyalı istehsalına başlamaq üçün çalışmalara start verəcəyik.
– Dəniz sektorunda Milgemin seriyalı istehsalına başlayacağıq. Artıq Milgem sinfili birinci gəmi Dəniz Qüvvələrimizin inventarındadır. İkinci gəmi isə 2013-cü ildə donanmanın döyüş sıralarına qəbul ediləcək. Proqram üzrə RMK Marine şirkəti tərəfindən 6 gəmi inşa olunacaq.
Dolayısı ilə artıq ATAK, Anka, Altay, Milgem kimi əsas platformalarda məhsullarımız yaradılma, dizayn, inkişaf etdirmə və testləri keçərək bəlli bir mərhələyə gəlib deyə bilərik.

– Hazırda üzərində işlər aparılan, idarə olunan raket sistemləri ilə bağlı nələri deyə bilərsiniz? Ötən il Cirit silahlanmaya qəbul olundu. UMTAS və OMTAS sistemləri üzrə işlər hansı mərhələdədir?

– Fəxrlə deyə bilərəm ki, son illər Türkiyə idarə olunan raketlərin yaradılması sahəsində müəyyən uğurlara imza atıb. Hazırda daha müasir uzaq mənzilli və yüksək dəqiqliyə malik idarə olunan sistemlərin üzərində çalışmalarımızı davam etdiririk. Bu sistemlərin tərkibində isə tank əleyhinə idarə olunan raketlər əsas yeri tutur. Bizim bu ailədən həm UMTAS adlandırdığımız 8 kilometrlik uzaq, həm də OMTAS adlandırdığımız 4 kilometrlik orta mənzilli tank əleyhinə raketlərin dizaynı və yaradılma mərhələsi başa çatıb. 2013-cü ildə hər iki sistemin silahlanmaya qəbulu nəzərdə tutulur. Ötən il UMTAS-ın atış testlərinə başladıq və onun çox gözəl bir silah sistemi olaraq ortaya çıxdığını gördük. Biz həmçinin Cirit raketlərinin seriyalı istehsalını və Türkiyə Quru Qoşunlarına çatdırılmasını davam etdiririk. Lazer başlıqlı bu raket digər tank əleyhinə raketlərlə müqayisədə aşağı maliyyətli, lakin daha təsirli bir silahdır. Səkkiz kilometr mənzilə malik Ciritin helikopter, müxtəlif hava vasitələri, həmçinin dəniz və hava platformalardan atılması mümkündür.
Tank əleyhinə idarə olunan raketlərlə yanaşı, SOM adlandırdığımız uzaq mənzilli raketin atış testləri davam etdirilir və seriyalı istehsalı üçün işlər aparılır. Düşünürəm ki, bu il içində SOM-un seriyalı istehsalına dair müqavilə bağlanacaq. Qeyd edim ki, hazırda SOM-un dizayn və inkişafı ilə TÜBİTAK mərkəzi məşğuldur. Seriyalı istehsalı isə ROKETSAN tərəfindən həyata keçiriləcək. İstehsalla paralel olaraq TÜBİTAK tərəfindən raketin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək. Hazırda biz SOM-un yeni versiyalarını da hazırlayırıq və gələcəkdə bu raketə müxtəlif versiyalar əlavə olunacaq.

– Bir il öncə baş nazir cənab Ərdoğan Türkiyə müdafiə sənayesi qarşısına uzaq mənzilli, yer-yer tipli raketlərin yaradılması tələbini qoymuşdu. Bu istiqamətdə hansı işlər aparılır?

– Uzaq mənzilli raketləri iki sinfə ayırmaq lazımdır. Bunlardan birincisi cruise adlandırdığımız mühərrikli raketlərdir. SOM bu ailədəndir və 250 km mənzilə malikdir. SOM yüksək dəqiqlikli, idarə olunan çox təsirli bir silahdır. Yuxarıda qeyd etdiyim kimi, növbəti mərhələdə bu raketin mənzili daha da artırılacaq. Birinci çalışmamız budur. İkinci çalışmamız uzun mənzilli ballistik raketlərlə bağlıdır. Hazırda ROKETSAN-ın 200-300 km mənzilli taktik raketləri mövcuddur. Daha uzun mənzilli ballistik silahlar üçün bəzi ilkin çalışmalarımız davam etməkdir.

– Ötən il SSM PUA istehsalı ilə bağlı yol xəritəsini açıqladı. Burada qarşıda duran hədəflər sırasında silahlı PUA-ların yaradılması da yer alır. Bu sahədə çalışmalara başladımı? Mediada yer alan məlumatlara görə ilk mərhələdə Ankanın silahlandırılması həyata keçiriləcək.

– Ankanın ilk versiyası müşahidə və kəşfiyyat məqsədləri üçün nəzərdə tutulur. Bu PUA-nın üzərinə bəzi silahlar da yerləşdirilə bilər. Silahlı PUA-ların yaradılmasına dair bəzi fəaliyyətlərimiz mövcuddur. Qarşıdakı hədəfimiz ilk növbədə Ankanın turbin mühərrikli versiyasını hazırlamaqdır. Bununla bağlı ötən il Müdafiə Sənayesi İcra Komitəsində qərar qəbul etdik. Məlumat üçün deyim ki, Anka ton yarımlıq bir hava platformasıdır və faydalı yükü 200 kq ağırlığındadır. Onun 4 ton çəkidə olacaq turbin mühərrikli versiyası isə 1 ton faydalı yük daşıya biləcək. Bu yük elektro-optik sistemlər və ya silahlar ola bilər. Anka havada 24 saat qala biləcək. Düzdür, turbin mühərrikli PUA-ların texnik özəlliklərini hələ müəyyənləşdirməmişik. Onlarda da bu müddət 24 saat ola bilər. Düşünürəm ki, yaxın 3 il ərzində Ankanın bu modelinin uçuşlarına başlaya biləcəyik.

– Cənab katib, Türkiyənin milli döyüş təyyarəsinin yaradılması istiqamətində həyata keçirilən işlər barədə nələri deyə bilərsiniz?

– Milli Döyüş Təyyarəsi layihəsinə 23 avqust 2011-ci il tarixində TUSAŞ ilə imzaladığımız müqavilə ilə start verdik. İyirmi dörd ay davam edəcək müqavilə çərçivəsində TUSAŞ Milli Döyüş Təyyarəsinin əməliyyat ehtiyaclarının analizlərini apardıqdan sonra, nəzəri dizayn işlərini reallaşdıracaq. Paralel olaraq, TUSAŞ tərəfindən dizayn edilən döyüş təyyarəsi üçün mövcud milli imkan və qabiliyyətlərin təyin olunması işləri həyata keçiriləcək. Nəticələr 2013-cü ilin sonunda Müdafiə Sənayesi İcra Komitəsinə təqdim olunacaq. Komitədə layihənin gələcəyi ilə bağlı qərarın qəbulu gözlənilir. Hazırda əməliyyat ehtiyaclarının analizi tamamlanıb. Nəzəri dizayn və imkanların müəyyənləşdirilməsi işləri davam etməkdədir.

– Azərbaycan ilə əməkdaşlıq hazırda necə davam edir? Əlaqələrin genişləndirilməsi üçün hansı potensial mövcuddur?

– Bizim əsas vəzifəmiz Türkiyə Silahlı Qüvvələrinin tələbatını ödəməkdir və fəaliyyətimizi də bu istiqamətdə qururuq. Ancaq, Azərbaycan Silahlı Qüvvələrini də öz Silahlı Qüvvələrimiz olaraq görür və fəaliyyətimizdə bunu nəzərə alırıq. Rəhmətlik Heydər Əliyevin dediyi kimi Azərbaycan və Türkiyə “bir millət, iki dövlət”dir. Müdafiə sənayemiz də belə olmalıdır. Biz iki ölkənin ortaq müdafiə sənayesi yaratmasını istəyir və çalışmalarımız da zatən bu istiqamətdə aparırıq. Fikrimcə, ortaq bazanı qurmaqla iki ölkənin silahlı qüvvələrinə xidmət göstərə bilərik. Hazırda davam edən bəzi ortaq layihələrimiz var. Üzərində dayandığımız əsas layihələrdən biri Azərbaycan Silahlı Qüvvələrində TASMUS adlandırdığımız Taktik Sahə Rabitə Sisteminin qurulmasıdır. Bu sistem hazırda Türkiyə Silahlı Qüvvələrində mövcuddur. Hərbidə rabitənin çox vacib və strateji məsələ olduğunu diqqətə almalıyıq. Bu sahədə Azərbaycan və Türkiyənin eyni sistemlərə sahib olması olduqca vacibdir. Çünki fərqli sistemlərin tətbiqi əməliyyatlarda birgə çalışmamıza maneçilik yaradacaq, rabitənin təhlükəsizliyinə əmin olmayacağıq. Rabitədə ortaq kripto, ortaq təhlükəsizlik, ortaq təchizat bizim birgə fəaliyyətimiz üçün zəruridir. Artıq Azərbaycan Müdafiə Nazirliyində bu layihə bəlli bir mərhələyə gəlib və müvafiq qərarın qəbulunu gözləyirik. Düşünürəm ki, TASMUS iki ölkənin müdafiə sektoru arasında önəmli layihə olacaq.
Mən eyni zamanda dəniz sahəsində önəmli işbirliyinin qurulması üçün potensial görürəm. Önümüzdəki mərhələdə Azərbaycanda Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi üçün gəmi, kater və digər üzmə vasitələri ilə təchizatında müəyyən işlərimizin olacağını düşünürəm. Sərhəd Qoşunları ilə keçmişdə başlatdığımız bəzi layihələr davam edəcək. Gələcəkdə həmçinin döyüş helikopteri, PUA sahəsində birgə çalışacağıq. Yeri gəlmişkən, onu da qeyd edim ki, bir neçə ay öncə bəzi media qurumlarında Azərbaycanın Türkiyədən T-129 ATAK helikopteri alacağı barədə xəbərlər yayılmışdı. Belə bir alğı-satqı müqaviləsi, anlaşmamız olmayıb. Amma onu deyə bilərəm ki, Azərbaycan tərəfindən ATAK-a və Ankaya maraq var. Gələcəkdə bu sahədə müştərək çalışmalarımızın olacağını düşünürəm.

– Murad bəy, 2011-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Türkiyənin MKE şirkəti ilə Modern Piyada Tüfəngi və 105 mm-lik havadan daşınan top layihəsində iştiraka dair protokol imzaladı. Adıçəkilən silahların yaradılması üzrə işlər hansı mərhələdədir?

– Yeni Modern Piyada Tüfəngində dizayn işləri tamamlandı. Hazırda testləri davam edir. Biz seriyalı istehsala başladıqda bu tüfəng Azərbaycanda da istehsal oluna bilər. Onu da qeyd etmək istəyirəm ki, layihə üzrə müəyyən gecikməmiz olub. Bu da silaha daha dəqiq və diqqətli yanaşmamızdan irəli gəlir. Açıq deyə bilərəm ki, tüfəngi silahlanmaya qəbul etdikdə, bu silahın keyfiyyətindən, performansından tam əmin olacağıq. Nəzərə almalıyıq ki, piyada tüfənginin digər silahlardan bir fərqi var – onu bütün əsgərlər istifadə edir. Məhz buna görə testlərə çox həssaslıqla yanaşırıq.
105 mm-lik topda isə dizayn və yaradılma mərhələsindəyik. Artıq topdan bəzi atışlar həyata keçirilib. Gələn il ərzində böyük ehtimalla bu layihə üzrə işləri tamamlayacağıq. Qeyd etdiyimiz bu layihələrin hər birində biz sıfırdan yeni silahlar yaradırıq. Təbii ki bunun bəzi çətinlikləri mövcuddur.

– Son illərdə iki ölkə arasında əlaqələrin inkişafına paralel olaraq, Azərbaycanda nümayəndəliklərini açan Türkiyə müdafiə və təhlükəsizlik şirkətlərinə örnəklər göstərə bilərsinizmi?

– Bildiyiniz kimi 1998-ci ildə ASELSAN Bakı şirkəti qurulub və hərbi elektronika sahəsində xidmət göstərməkdədir. Bununla yanaşı şəhər təhlükəsizlik sistemləri sahəsində Ekin Teknoloji, müdafiə inşaatı sahəsində Koza İnşaat və Savunma şirkətlərinin Azərbaycanda nümayəndəlikləri mövcuddur. İki qardaş ölkə arasındakı coğrafi yaxınlıqdan və eyni dildən istifadə edərək, Azərbaycanda ofisi olmayan şirkətlərimiz də əlaqələrini uğurla genişləndirməkdədirlər. Şübhəsiz, bu işlərdə SSM, Müdafiə Sənayesi Nazirliyi və səfirliklərimizin də tərəflər arasındakı vasitəçi qismində mühüm iştirakının olduğunu vurğulamaq lazımdır.

KATEQORIYA:
Bu xəbəri paylaş