Mütəxəssis: Türkiyə-Suriya sərhədində minatəmizləmə aparılarkən xüsusi texnologiyalar tətbiq olunmalıdır

Türkiyə-Suriya sərhədində minalı sahələrin spesifikliyi orada minatəmizləmə əməliyyatları aparılarkən xüsusi seçilmiş texnologiyaların tətbiqi zərurətini yaradır. Bunu “AzeriDefence” saytına açıqlamasında 2010-2011-ci illərdə Türkiyə-Suriya sərhədində aparılan minatəmizləmə əməliyyatlarında iştirak etmiş ANAMA-nın bu baş əməliyyat mütəxəssisi Adil Aslanov bildirib.

Türkiyənin minaların təmizlənməsi üçün tenderə çıxardığı sahələrin spesifikliyi barədə danışan A. Aslanovun sözlərinə görə, Türkiyə-Suriya sərhədi təxminən 920 km məsafəni əhatə edir və 1950-ci illərdə minalanıb. Sərhədin neytral zonasının eni bəzi yerlərdə 50-300 metr təşkil edir. Sərhədin çox hissəsi səhra relyefinə və iqliminə malik yerlərdən, az bir hissəsi isə dağlıq ərazidən keçir, az bitki örtüyünə malikdir və bitki örtüyü əsasən otlardan ibarətdir.

“Su hövzələrinə yaxın yerlərdə kolluqlara rast gəlinir. Ümumilikdə Ərəbistan iqlimi var. Yaz-yay aylarında kölgədə istilik + 40-45 dərəcə təşkil edir ki, bu da sahədə işləməyi çox çətinləşdirir. Ona görə də burada növbəli iş rejimi təşkil etmək lazımdır. Ərazinin iqlimi maşınla təmizləmə işlərini də çətinləşdirir. Havanın istiliyi və külək olmadığından maşın xəttini görmək mümkün olmur və bu da işləməyə imkan vermir. Digər tərəfdən isti maşınların özlərinin də texniki imkanlarına təsir göstərir. Buna görə də işçi heyətə tez-tez fasilələr vermək lazım gəlir”- deyə A. Aslanov vurğulayıb.

ANAMA mütəxəssisi bildirib ki, hərbçilərdə minalanmış ərazilərin formulyarları olsa da sonradan ərazilərin dəfələrlə minalanması, torpaqda baş verən fiziki proseslər nəticəsində bu formulyarlar itib. Xəritədə göstərilən işarələrin çoxu pozulub, işarələrin tapılması çətinləşib: “Əməliyyatlar zamanı bir mina xəttini tapandan sonra digər xətlərin haradan keçdiyini təxmin etmək olar. Deyə bilərəm ki, uyğunsuzluqlar çoxdur. Həm də sel daşqınları, torpaq sürüşməsi, müxtəlif təbii proseslər də müəyyən təsirlər göstərib. Sərhəd pozucuları tərəfindən ərazidə dəfələrlə yanğınlar törədilib. Hərbçilər tərəfindən əraziyə əllə M-14 minalarının səpilməsinə dair məlumatlar var”.

A. Aslanovla mövzu ilə müsahibənin tam mətni www.azeridefence.com saytı üzərində yaxın günlərdə yayımlanacaq on-line jurnalda olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş