Nəcməddin Sadıkov NATO-nun Avropadakı Ali komandanı ilə görüşüb

Nəcməddin Sadıkov NATO-nun Avropadakı Ali komandanı ilə görüşüb

Fevralın 6-da Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Azərbaycanda işgüzar səfərdə olan NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı və Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Avropa komandanı general Tod Voltersin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nzirliyinin mətbuat xidmətindən məlumat verilib.

General-polkovnik N.Sadıkov Azərbaycanla NATO arasında 26 il davam edən əlaqələrin inkişaf etdiyini, Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və Azərbaycanın hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli Dəstək” Missiyasına verdiyi töhfəni diqqətə çatdırıb.

Baş Qərargah rəisi bildirib ki, müxtəlif sahələrdə aparılan Azərbaycan-NATO əməkdaşlığının əsas məqsədi Avro-Atlantik məkanda, həmçinin dünya miqyasında vahid təhlükəsizlik sisteminin yaradılmasında qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasıdır.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını xatırladaraq məsələnin həlli yolunun beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməsi olduğunu xüsusi qeyd edib.

Baş Qərargah rəisi NATO-nun Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirərək Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

General T.Volters Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, Azərbaycanın terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.

General T.Volters NATO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Qonaq Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə növbəti görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş