NABUCCO şirkətindən Azərbaycan Ordusu və müdafiə sənayesinə modulyar binalar – FOTOLAR

Azərbaycanın “Nabucco A & C” şirkəti hərbi qurumlara modulyar yaşayış binaları, hərbi müəssisələr, anbar və anqarların inşası imkanlarını təklif edir. Bu barədə “AzeriDefence”yə şirkətinin direktoru Kamaləddin Mənsimov bildirib.İsveçin dünyada tanınmış “Lindab” şirkətinin Azərbaycan üzrə nümayəndəsi olan “Nabucco” eyni zamanda “Lindab”ın tərkibində fəaliyyət göstərən “Astron” (Lüksemburqda yerləşir) şirkətinin təmsilçisidir.

K. Mənsimovun sözlərinə görə, “Nabucco” tərəfindən “Lindab-Astron” texnologiyaları əsasında Şəmkir rayonunda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyası üçün kazarma inşa edilib. İnşası qısa müddətdə tamamlanan və dağlıq ərazidə inşa olunmuş bu kazarmada hərbçilərin yaşaması və istirahəti üçün hər cür şərait yaradılıb.

“Biz “Nabucco” olaraq, müştərinin verdiyi eskiz layihə əsasında layihələndirmə aparır, onlara açar təhvili prinsipi ilə hazır məhsulumuzu təqdim edirik. Bizim 160 nəfərlik mühəndis qrupumuz var. Onlar layihələndirir, işçi cizgiləri hazırlayır və bundan sonra layihə istehsala göndərilir. Təmsil etdiyimiz şirkət bazarda satış üçün məhsul istehsal etmir. Ancaq konkret layihə üzrə istehsal həyata keçirir. Başqa sözlə ifadə etsək, ən kiçik detalı belə özümüz istehsal edir, bazardan almırıq. Anker boltundan bütün konstruksiyasına qədər, – divar panelləri, dam örtükləri, su ötürücü sistemlər, izolyasiya və s. hamısı öz müəssisəmizdə istehsal olunur”, – deyə şirkət rəhbəri vurğulayır.

Hərbi və mülki qurumlara təqdim etdikləri binaların özəllikləri barədə məlumat verən şirkət rəhbərinin sözlərinə görə, “Nabucco”nun binaları daş və digər materiallardan inşa olunmuş binalardan fərqli olaraq, qışın ən sərt soyuqlarında belə əsgərləri qoruyur. Enerji itkisinin qarşısını alır. Bizim binalarda il ərzində təkcə istilik sisteminin sabit saxlanılması hesabına elektrik enerjisinə 26.7% qənaət olunur. Xarici fasadın təmirinə ehtiyac olmur. Panellərimizin rəngi günəşdən və digər təsirlərdən dəyişmir. İnşaatda istifadə etdiyimiz panellər 550 marka, əsas konstruksiyalar isə 345 marka poladdan istehsal olunur və ömrü bazardakı analoqları ilə müqayisədə daha uzundur. Binalarımız dəmir-beton binalardan fərqli olaraq zəlzələyə qarşı daha davamlıdır”.

K. Mənsimov deyir ki, hərbi qurumlar üçün metal konstruksiyalı yaşayış binalarının inşası daha tez başa gəlir: “Dağlıq ərazidə daşdan bir kazarmanın inşası böyük zaman, əziyyət və xərc tələb edir. Metal konstruksiyalarla isə bu az xərc aparır və qısa müddətə daha keyfiyyətli iş ortaya çıxır. Hərbi hissə başqa yerə köçürüldükdə binaları da söküb rahatlıqla həmin əraziyə aparmaq mümkündür. Yalnız yeni yerdə yeni bünövrə inşa etmək lazım gəlir. Yuxarıda qeyd etdiyim kimi, bizim təqdim etdiyimiz binalar istilik enerjisinə qənaət edir. Təmirə ehtiyac yoxdur, su və külək buraxmır, temperaturu sabit saxlayır. Bu texnologiya həm də anbarların, texnika parklarının, anqarların və s. bu kimi binaların inşasında əvəzsizdir. “Astron” texnologiyası 100 metrədək sərbəst aşırımı olan binalar inşa etməyə imkan verir. Bu da təyyarə və helikopterlər üçün böyük anqarların inşasında mühümdür. İnşaat işlərimizdə seysmik durum, külək və qar yükü kimi vacib təsirlər nəzərə alınır”.

Şirkət rəhbəri bir müddət öncə Müdafiə Nazirliyinin tikinti idarəsində görüş keçirdiklərini də qeyd edib: “Müdafiə Sənayesi Nazirliyi üçün də istənilən profilə uyğun ən müasir sənaye binaları inşa edə bilərik. Biz sadəcə tikinti deyil, kompleks və zəmanətli iş yerinə yetirik”.

KATEQORIYA:
Bu xəbəri paylaş