NATO ANAMA-nı regionda özünün ən yaxın partnyoru sayır

NATO Azərbaycanda Ceyrançöl təmizləmə layihəsinin davam etdirilməsinə və gələcəkdə ANAMA tərəfindən həyata keçirilən digər proyektlərə dəstəyini davam etdirməyi planlaşdırır. Bu barədə “AzeriDefence”yə NATO-nun mənzil qərargahından bildirilib.

NATO-nun Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu (PfP Trust Fund) xətti ilə Azərbaycanda bir sıra layihələrə dəstək verdiyini deyən NATO ekspertlərinin sözlərinə görə, ANAMA demilitarizasiya layihələrinin icrasında kifayət qədər böyük təcrübə qazanıb. Bundan əvvəl NATO-nun dəstəyi ilə ANAMA tərəfindən Saloğlu layihəsi uğurla reallaşdırılıb.

“Saloğlu həm böyük, həm də icrasına görə unikal layihə idi. Azərbaycan bu layihəni başa çatdırdı. Hazırda Gürcüstanla sərhəddə Ceyrançölün təmizlənməsi mühüm əhəmiyyət kəsb edir. Biz bir işlək mexanizm olan ANAMA-nı regionda özümüzün ən yaxın partnyorumuz hesab edirik”, – deyə NATO-dan bildirilib.

ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirən NATO ekspertlərinin fikrincə, Azərbaycan təşkilatı bu sahədə artıq beynəlxalq mərkəz səviyyəsinə yüksəlib.

KATEQORIYA:
Bu xəbəri paylaş