NATO “Qətiyyətli Dəstək” əməliyyatına əlavə qoşun göndərilməsinə görə Azərbaycana təşəkkür edib

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov NATO-nun Avropadakı Silahlı Qüvvələrinin Ali Komandanı, ordu generalı Kurtis Skaparrotti ilə görüş keçirib.

“AzeriDefence” Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, görüş zamanı Q.Məmmədov Azərbaycanda aparılan müdafiə islahatları, NATO ilə qarşılıqlı operativ uzlaşmanın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər və regionda vəziyyət haqqında həmsöhbətinə məlumat verib.

General Skaparrotti Azərbaycan tərəfinin NATO ilə tərəfdaşlıqda əldə etdiyi tərəqqini və Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” əməliyyatına Azərbaycanın töhfəsini yüksək qiymətləndirib. NATO tərəfi Azərbaycan prezidenti İlham Əliyevin NATO-ya 2017-ci ilin 24 noyabr tarixində səfəri zamanı verdiyi bəyanata uyğun olaraq, “Qətiyyətli Dəstək” əməliyyatına əlavə qoşun göndərilməsinə görə təşəkkür ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, beynəlxalq sülhün təmin edilməsi və tərəfdaşlara dəstək məqsədilə 2018-ci ildən etibarən “Qətiyyətli Dəstək” missiyasının müxtəlif qərargahlarında Azərbaycan sülhməramlılarının sayı ümumilikdə 94-dən 120 nəfərədək artırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş