“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni kompleks tikilib

“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni kompleks tikilib

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni xidmət və yaşayış kompleksi tikilmişdir.

“Azeri Defence” NUHÇIXAN İnformasiya Agentliyinə istinadən xəbər verir ki, oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Əməliyyat Taborunda olmuş, görülən işlərlə maraqlanmışdır.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov Ali Məclisin Sədrinə raport vermişdir.
Ali Məclisin Sədri şəxsi heyəti salamlamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Azərbaycan ordusunun yaranması və bugünkü inkişafı ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik fəaliyyətinin nəticəsidir. “Güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əsas amildir, respublikamızın sülh və əmin-amanlıq şəraitində yaşamasının təminatıdır”, – deyən ulu öndər ölkəmizə hər iki rəhbərliyi dövründə dövlət müstəqilliyinin təminatçısı kimi ordu quruculuğuna xüsusi diqqət yetirmişdir. Ulu öndərimizin ordu quruculuğu sahəsində başladığı işi ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında müdafiə təhlükəsizliyinin və sabitliyin təmin olunması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri kimi, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası da böyük təşkilatlanma və inkişaf yolu keçmişdir. 1995-ci il aprelin 10-da Daxili Qoşunların Naxçıvan Taboru yaradılmış, 2002-ci ildə tabor alaya, 2014-cü ildə isə Əlahiddə Əməliyyat Briqadasına çevrilmişdir.

Qeyd olunmuşdur ki, ötən dövrdə briqadada qarşıya qoyulan vəzifələrin icrasında və ictimai asayişin qorunmasında xidməti təcrübə toplanmış, hərbi qulluqçuların döyüş hazırlığı artırılmışdır. Şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılmış, maddi-texniki baza möhkəmləndirilmiş, Naxçıvan şəhərində briqada üçün müasir hərbi şəhərcik istifadəyə verilmişdir. Şərur Rayon Taboru üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Ali Məclisin Sədri ulu öndərimiz Heydər Əliyevin “Dövlət quruculuğu prosesində daxili qoşunların düzgün istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir” fikirlərini xatırladaraq demişdir: Bu gün muxtar respublikada ictimai asayişin və təhlükəsizliyin qorunması, cinayətkarlığa qarşı mübarizə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının əsas vəzifələridir. Ona görə də briqadada idarəçilik xidmət qaydalarına uyğun qurulmalı, əsgər və zabitlər verilən əmr və göstərişlərin icrasına hər an hazır olmalıdırlar. Hər bir ölkənin inkişafının təmin olunmasında, müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsində milli birlik, sabitlik və əmin-amanlıq vacib şərtdir. Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının şəxsi heyəti də muxtar respublikamızda sabitliyi qorumalı, eyni zamanda Naxçıvan Qarnizonu üzrə keçirilən təlimlərdə iştirak etməli, döyüş hazırlığını artırmalıdır. Hərbi qulluqçular vəzifə borclarını dərindən öyrənməli, silah və texnikalardan istifadə imkanlarını yaxşı mənimsəməli, muxtar respublikanın müdafiəsinə hazır olmalıdırlar. Hərbi xidmətin əsasında intizam dayanır. Şəxsi heyət daxili nizam qaydalarına ciddi əməl etməli, qarşıya qoyulan vəzifə və tapşırıqlar uğurla yerinə yetirilməlidir.

Ali Məclisin Sədri demişdir: Bu gün blokada şəraitində və işğalçı ölkə ilə sərhəddə yerləşməsinə baxmayaraq, muxtar respublikadakı birlik, vətənpərvərlik torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. Vətənpərvərlik isə mücərrəd anlayış deyil. Ulu öndərimiz deyirdi ki, “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”. Əsl vətənpərvərlik odur ki, hər an Vətənin müdafiəsinə və onu qorumağa hazır olasan. Muxtar respublikadakı xalq-ordu birliyi, insanların vətənpərvərliyi bizi qürurlandırır.

Ali Məclisin Sədri ölkə üzrə elan olunmuş qismən səfərbərlikdə muxtar respublikadan iştirak edən və çağırışı böyük ruh yüksəkliyi ilə qarşılayan hər bir şəxsə, eləcə də təsərrüfatlarında yetişdirdikləri və istehsal etdikləri məhsullardan hərbi hissələrə sovqat aparan, əsgərlərimizlə görüşən və həmrəylik nümayiş etdirən muxtar respublika sakinlərinə təşəkkürünü bildirmişdir.

Həmçinin Ali Məclisin Sədri ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olanlara Allahdan rəhmət, şəhid ailələrinə isə səbr diləmiş, yaralananların tezliklə sağalmasını arzulamış, çıxışını ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin fikirləri ilə tamamlamışdır: “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri general-leytenant Fazil Ələkbərov çıxış edərək demişdir ki, muxtar respublika blokada şəraitində yaşamasına baxmayaraq ulu öndərimiz Heydər Əliyevin ideyalarına söykənən idarəetmənin məntiqi nəticəsi olaraq bütün istiqamətlər üzrə hərtərəfli inkişaf yolu keçir. Muxtar respublikanın təhlükəsizliyi, müdafiə qabiliyyəti, eləcə də sarsılmaz xalq-ordu birliyi çərçivəsində möhkəmlənən milli vətənpərvərlik ruhu ən yüksək səviyyəyə çatmış, bütün sahələrdə dinamik inkişaf sakinlərin rahat və firavan şəraitdə yaşamasına səbəb olmuşdur. Muxtar respublikada hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Silahlı Qüvvələrin digər birləşmə və bölmələri kimi, Əlahiddə Əməliyyat Briqadasının da xidməti-döyüş hazırlığının yüksəldilməsi daim diqqətdə saxlanılmış, hərbi hissələrin maddi-texniki bazası ilbəil gücləndirilərək müasirtipli silah-sursat və nəqliyyat vasitələri ilə təchiz olunmuşdur. Ali Məclis Sədrinin tapşırıq və tövsiyələri əsasında briqadanın fəaliyyətinin təşkili və idarə olunması istiqamətində məqsədyönlü tədbirlər görülərək, təşkilati-ştat strukturu mövcud əməliyyat şəraitinə uyğun yenidən komplektləşdirilmiş, hərbi hissələrin yerləşdiyi ərazidə geniş quruculuq işləri aparılaraq müasir infrastruktur və nümunəvi hərbi şəhərcik yaradılmışdır. Fazil Ələkbərov yaradılan yüksək şəraitə görə şəxsi heyət adından Ali Məclisin Sədrinə minnətdarlıq edərək demişdir ki, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası ərazi bütövlüyümüzün qorunması uğrunda Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hər an hazırdır.

Sonra əsgəri-məişət kompleksinə baxış olmuşdur.

Məlumat verilmişdir ki, 5 hektar sahəni əhatə edən əsgəri-məişət kompleksinin tikintisinə 2014-cü ildə başlanıb. Kompleksdə yerləşən inzibati bina 5 mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində qərargah və tibb məntəqəsi, digər dörd mərtəbədə 448 yerlik əsgər yataqxanası, zirzəmidə isə xüsusi əşya və vasitələr anbarı, eləcə də idman zalı vardır. 2 mərtəbəli yeməkxana binasında anbarlar və qazanxana, 252 yerlik yemək zalı və xidməti otaqlar yerləşir.

Ərazidə 10-u bağlı olmaqla, 52 yerlik avtomobil və zirehli texnika saxlancı, avtomobil yuma, təmir, yanacaqdoldurma və texniki nəzarət məntəqələri, eləcə də sürücülərin hazırlığı üçün sinif otağı vardır. Həmçinin kompleksdə qarovul binası, silah-sursat anbarları, hamam-camaşırxana, helikopter meydançası, 2 nəzarət-buraxılış məntəqəsi, idman və qarovul şəhərcikləri, maneələr zolağı, 3 istirahət guşəsi və uşaq-əyləncə meydançası tikilmiş, ərazi çəpərlənmişdir.

Ali Məclisin Sədri xüsusi təyinatlıların istifadəsində olan silah və texnikalara baxmış, zabit-gizir ailələri ilə görüşmüşdür.

Baxış zamanı bildirilmişdir ki, zabit-gizir ailələri üçün tikilmiş 5 mərtəbəli xidməti yaşayış binasında 6-sı birotaqlı, 20-i ikiotaqlı, 4-ü üçotaqlı olmaqla, 30 mənzil vardır. Binada subay hərbi qulluqçular üçün 20 yerlik yataqxana və məişət otaqları da yerləşir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş