“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümündə 8-ci Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.

Azeri Defence saytı Nuhçıxan İnformasiya Agentliyinə  istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Bildirilib ki, zastavada tikinti işlərinə 2019-cu ildə başlanılıb. Kompleksə qərargah, sərhədçi ailələri üçün yaşayış binaları, eləcə də digər xidməti və yardımçı binalar daxildir.

1-ci Sərhəd Komendantlığının sərhəd zastavaları tam şəkildə video-nəzarət sistemi ilə təchiz olunub, HD görüntü keyfiyyətinə malik 8 idarəolunan və 21 sabit kamera quraşdırılıb. 11 sabit və 2 idarəolunan kamera 8-ci sərhəd zastavasının xidmət sahəsini əhatə edir. Çəkilən video-kadrlar uzun müddət sistemin yaddaşında saxlanılır.

Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşüb, onları xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik edib: “Xidmət ərazisində istifadəyə verilən yaşayış binasında zabit ailələri yaşayacaqlar. Zastava üçün istifadəyə verilən əsgəri-məişət kompleksində və yeni yaşayış binasında hərtərəfli şərait vardır. Yeni yaşayış kompleksinin istifadəyə verilməsi ailələrin rahatlığının təmin olunması ilə yanaşı, eyni zamanda xidmətin də uğurlu təşkilinə imkan verəcəkdir”.

Sonra şəxsi heyətlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərhədçiləri salamlayıb, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümü və 8-ci sərhəd zastavasının yeni yaşayış və xidmət kompleksinin istifadəyə verilməsi münasibətilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətini, sərhədçi ailələrini təbrik edib, sərhəd zastavasının yeni kompleksinin qurulmasında əməyi olanlara təşəkkürünü bildirib.

Qeyd olunub ki, bu gün muxtar respublikada sərhədlərin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Ötən dövrdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 14 sərhəd zastavası, eləcə də 2 sərhəd komendantlığı üçün yeni yaşayış və xidmət kompleksləri istifadəyə verilib, maddi-texniki baza gücləndirilib, sərhədçilərin xidmət və məişət şəraiti yaxşılaşdırılıb. Eyni zamanda “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Naxçıvan şəhərindəki hərbi şəhərciyində və zastavalarda sərhədçi ailələri üçün xidməti yaşayış binaları tikilmiş, mövcud binalar yenidən qurulub. Bu illər ərzində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının inkişafı təkcə maddi-texniki bazanın gücləndirilməsi ilə məhdudlaşmayıb, diviziyanın təşkilati cəhətdən formalaşması da diqqətdə saxlanılıb. Qərargahın, sərhəd komendantlıqlarının və zastavaların, çevik hərəkət taborunun ştat sayı xidmət funksiyalarına uyğun artırılıb, döyüş hazırlığı bölməsi, təlim-tədris mərkəzi, zenit artilleriya və mühəndis-istehkam bölükləri, 2-ci sərhəd komendantlığı və onun tərkibində sahil mühafizə qrupu yaradılıb, xidmət günün tələbləri səviyyəsində qurulub.

“Sərhəd ölkə üçün vacib sahə, onu qorumaq isə şərəfli işdir”,- deyən Ali Məclisin Sədri bildirib ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti bundan sonra da hərbi intizama ciddi əməl etməli, sərhəd nəzarəti və xidməti fəaliyyət günün tələbləri səviyyəsində qurulmalı, hərbi qulluqçuların peşəkarlığı artırılmalıdır: “Sərhədçilər sərhədlərin mühafizəsi ilə yanaşı, həm də narkotik maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı da mübarizədə sayıqlıq göstərməli, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmalıdır. Sərhəd hər bir ölkənin müstəqillik rəmzidir. Sərhədləri etibarlı qorunan ölkədə inkişaf və sabitlik də davamlı olur. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti də Azərbaycan Respublikasının muxtar respublikadakı 234 kilometrlik sərhəd ərazisini etibarlı mühafizə edir”.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev çıxış edərək deyib ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının keçdiyi inkişaf yolu, xidmətin günün tələbləri səviyyəsində qurulması, eləcə də 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi  yaradılan şəraitin və görülən işlərin nəticəsidir.

General-leytenant Niyaməddin Tağıyev bildirib ki, həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Diviziyanın maddi-texniki bazasını möhkəmləndirilib, hərbi qulluqçuların xidmət və məişət şəraiti xeyli yaxşılaşıb. Niyaməddin Tağıyev yaradılan şəraitə görə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.

Sonra Azərbaycan Respublikasının medallarının təqdimatı olub. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Sərəncamına əsasən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zabitləri “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunublar.

Ali Məclisin Sədri Azərbaycan Respublikasının medallarını təqdim edib.

Ali Məclisin Sədri şəxsi heyətlə xatirə şəkli çəkdirib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş