Naxçıvan Döyüş Şöhrəti Muzeyinə 3 yeni aviasiya texnikası daxil edilib

Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib.

Bu barədə “Azeri Defence” “Nuhçıxan” informasiya agentliyinə istinadən məlumat verib.

26 adda eksponatla fəaliyyətə başlayan Naxçıvan Döyüş Şöhrəti Muzeyində silah və texnika nümunələrinin sayı artılaraq 40-a çatdırılıb. Hazırda eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib. Yeni eksponatlardan 2 təlim təyyarəsi (YAK-50 və YAK-52), biri isə Mi-24V zərbə helikopteridir.

Tək pilotlu YAK-50 idman-aerobatik təlim və iki pilotlu YAK-52 idman-aerobatik təlim-məşq təyyarələrindən hazırda Azərbaycan Ordusunun sıralarında xidmət edən pilotların hazırlanmasında istifadə edilib. Mi-24V helikopteri isə birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçib.

Qeyd edək ki, açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində 3 yeni eksponatdan əlavə müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş və döyüş yolu keçmiş top və minaatanlar, zenit raket kompleksləri, döyüş-nəqliyyat vertolyotu, döyüş təyyarələri, mühəndis texnikaları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş