Naxçıvan FHN-nin yeni xidmət kompleksi istifadəyə verilib, avtomobillər təqdim olunub

Naxçıvan FHN-nin yeni xidmət kompleksi istifadəyə verilib, avtomobillər təqdim olunub

Noyabrın 26-da Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin yeni xidmət kompleksi istifadəyə verilib, avtomobillər təqdim olunub.

“Azeri Defence” NUHÇIXAN İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan MR-nin Fövqəladə Hallar Naziri general-leytenant Şamı Abdullayev Ali Məclisin Sədrinə raport verib.

Məlumat verilib ki, ikimərtəbəli inzibati bina, 4 qaraj, ehtiyat hissələri və təsərrüfat anbarları yenidən qurulub. Ərazidə 90 kubmetr həcmində yeraltı ehtiyat su anbarı, hündürlüyü 18 metr olan təlim qülləsi yerləşir. Yenidənqurmadan sonra şöbə 4 yanğınsöndürən və 1 xidməti avtomobil, yanğınsöndürən və xilasedicilər üçün 46 dəst xüsusi geyim forması ilə təmin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Bu gün Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinə yeni iş və xidmət şəraiti yaradılıb, inzibati bina yenidən qurulub və yeni avtomobillər təqdim olunur. Həyata keçiriən işlər əhalinin  və dövlətin əmlakının yanğından və digər hadisələrdən vaxtında qorumağa və qarşısını almağa xidmət edir.

Muxtar respublikada Fövqəladə Hallar Nazirliyi yaranandan sonra bu sahədə hər il yeni infrastruktur yaradılıb. Bu gün sonuncu Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsidir ki, Culfa rayonunda müasir standartlara uyğun tikilərək şəxsi heyətin  istifadəsinə verilir. Bu işləri həyata keçirmək üçün dövlət vəsaiti sərf olunub. Ona görə də kollektiv qarşıya qoyulan vəzifələri layiqincə icra etməlidir. Vəzifələrin icrası isə sabitlik, insanların rahat yaşayışı və ölkənin inkişafıdır”.

Ali Məclisin Sədri Fövqəladə Hallar Nazirliyinin kollektivinə təşəkkür edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb, yaradılan şəraitdən lazımi səviyyədə istifadə olunmasını tapşırıb.

Sonra yeni avtomobillərə baxış olub.

Bildirilib ki, Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinə “İVECO” və “Kamaz” markalı 4 müasir yanğınsöndürmə avtomobili, “Niva” markalı əməliyyat minik maşını və “Zil – 131” markalı avtomobilin bazasında yığılmış 30 metr uzunluğunda avtopilləkən təqdim olunub. Avtopilləkən hündür binalarda yanğınsöndürmə və xilasetmə tədbirlərini həyata keçirmək üçün nəzərdə tutulub.

Ali Məclisin Sədri könüllü yanğınsöndürmə dəstələrinin yaradılması və kursların təşkilinin davam etdirilməsi barədə tapşırıqlar verib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş