Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 25-də Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının yeni kompleksinin inşası ilə maraqlanıb.

Bu barədə Azeri Defence saytı “Nuhçıxan” İnformasiya Agentliyinə istinadən məlumat verib.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev bildirib ki, hospital 20 min 450 kvadratmetr ərazini əhatə edir. Zirzəmi ilə birlikdə 5 mərtəbədən, 250 otaqdan ibarət olacaq 280 çarpayılıq hospitalda əsas tikinti işləri başa çatdırılıb, bütün mərtəbələrdə kommunikasiya xətlərinin çəkilişi aparılıb, havalandırma sistemi və 4 lift quraşdırılıb. Hazırda binada son tamamlama işləri aparılır.

Hospitalda radiologiya, tibbi ekspertiza, fizioterapiya, travmatologiya, anesteziologiya, reanimasiya, poliklinika, intensiv terapiya, qəbul, əməliyyat, kardiologiya, cərrahiyyə, urologiya, psixonevrologiya, lor və üz-çənə cərrahiyyəsi, laboratoriya və digər bölmələr fəaliyyət göstərəcək. Hərbi qulluqçuların tibbi müayinə və müalicəsinin keyfiyyətlə aparılması üçün hospital ən müasir tibbi avadanlıqlarla təchiz ediləcək.

Hospitalda  müalicə alacaq xəstələr üçün həyətdə istirahət guşəsi istifadəyə veriləcək. Tikintisi aparılan yardımçı binada tibbi tullantıların yandırılması, oksigen, generator otaqları, qaraj və bufet yerləşəcək.

Ali Məclisin Sədri hospitalda ilin sonuna qədər işlərin başa çatdırılması barədə tapşırıqlar verib.

KATEQORIYA:
Bu xəbəri paylaş