Naxçıvan qarnizonu qoşunlarında döyüş hazırlığına dair yekun müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əsasən 2017-ci tədris ilində Naxçıvan qarnizonu qoşunlarında döyüş hazırlığının, döyüş və döyüşə hazırolmanın, nizam-intizamın vəziyyətinə dair yekun müşavirə keçirilib.

“AzeriDefence” “Naxcivantv”yə istinadən xəbər verir ki, Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən müşavirənin planını, iştirak edən rəsmi qonaqların və şəxsi heyətin tərkibini elan etdikdən sonra muxtar respublikamızda ordu quruculuğundan bəhs edən “Ordumuzun təməl ünvanı Naxçıvan” adlı film nümayiş etdirilib.

K.Mustafayev 2017-ci tədris ilində qoşunlarda döyüş hazırlığının, döyüş və döyüşə hazırolmanın, nizam-intizamın vəziyyətini təhlil edərək məruzə edib. Bildirilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın qabaqcıl, regionunun isə lider ordusu səviyyəsinə yüksəlib. Ali Məclisinin sədri Vasif Talıbovun yüksək diqqət və qayğısı sayəsində formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün yerləşdiyi coğrafi mövqeyə, kontingentinə və döyüş qabiliyyətinə görə keçmiş SSRİ və indiki MDB ölkələrinin Silahlı qüvvələri səviyyəsində analoqu olmayan statusa malikdir.

General-leytenant Kərəm Mustafayev 2017-ci tədris ilində əldə olunmuş nailiyyətlərə nəzər salaraq bildirib ki, Ali Baş Komandan İlham Əliyevin 11 yanvar 2017-ci il tarixdə Naxçıvana səfəri zamanı Əlahiddə Ümumqoşun Orduda əsgər yataqxanasının və əsgəri-məişət kompleksinin açılışını etməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi və Azərbaycan Respublikası Müdafiə nazirinin iştirakı ilə 15 iyunda Azərbaycan-Türkiyə “Birgə əməliyyat-taktiki təlimi”nin və 18 oktyabrda Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25 illiyinə həsr edilmiş Hərbi Paradın  keçirilməsi ötən ilin ən yadda qalan tədbirləri sırasındadır.

Qeyd olunub ki, ötən il ərzində motoatıcı, tank, artilleriya, xüsusi təyinatlı bölmələrin əsas fənlər üzrə döyüş hazırlığında saxlanılması və öyrədilməsi tapşırıqları uğurla yerinə yetirilib, bölmələrin döyüş potensialı və hərbi qulluqçuların praktiki vərdişləri təkmilləşdirilib. Əsas güc praktiki məşğələlərin sayının artırılmasına və hərbi kollektivlərin uzlaşmış fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilərək döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə praktiki təlim və məşğələlər keçirilib. Naxçıvan qarnizonu qoşunları bütün bu tədbirlərdə qarşısında duran tapşırıqların öhdəsindən layiqincə gəlib, hesabat ilində Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti üzərlərinə düşən vəzifələri uğurla icra edib, 2017-ci ilin hazırlıq planında göstərilmiş tədbirlər tam yerinə yetirilib və Silahlı Qüvvələrdə döyüş hazırlığı, intizamın nəticələrinə görə Əlahiddə Ümumqoşun Ordu birinci yeri tutub.

2018-ci tədris ilində də Naxçıvan qarnizonunun qoşunları qarşılarında duran bütün tapşırıqları layiqincə yerinə yetirərək döyüş qabiliyyətini yüksəldəcək, Naxçıvan Muxtar Respublikasının müdafiə və mühafizəsini daha da təkmilləşdirib, onun təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı bir təhdidin qarşısını qətiyyətlə alacaqdır.

Məruzə ətrafında müzakirələr zamanı Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru, general-mayor Yaşar Həsənovun, Hərbi Məhkəmənin sədri Qasım Əliyevin, Dövlət Təhlükəsizliyi Xidmətinin İdarə rəisi, polkovnik-leytenant Ramin Əhmədovun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Asəf Quliyevin, Fövqəladə Hallar nazirinin müavini, general-mayor Hikmət Kərimovun, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat briqadasının komandiri, polkovnik Səlim Niftəliyevin, Əlahiddə Ümumqoşun Ordunun idarə və şöbə rəislərinin 2017-ci tədris ilində görülmüş işlər və 2018-ci tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə və təklifləri dinlənilib.

K.Mustafayev müşavirəyə yekun vuraraq 2018-ci tədris ilinə döyüş və ictimai-siyasi hazırlıq üzrə fəaliyyət istiqaməti, qarşıda duran məqsəd və vəzifələrə dair Ali Məclisin sədri Vasif Talıbovun əmr, sərəncam və göstərişlərini çatdırıb. Naxçıvan qarnizonu qoşunlarına birgə və qarşılıqlı əlaqədə bir sıra tapşırıqlar qoyulub. Bildirilib ki, 2018-ci tədris ilində Naxçıvan qarnizonu qoşunlarının hazırlığı üzrə əsas vəzifə və tapşırıqları Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünün silahlı müdafiəsinə, onun təhlükəsizliyinə qarşı yönəlmiş hərbi təhdidlərin qarşısının qətiyyətlə alınmasına hazır olmaq, müdafiənin dayanıqlı və  etibarlı qurulmasını, qoşunların təmas xəttində düşmənin təxribat xarakterli fəaliyyətlərinə qarşı qabaqlayıcı tədbirlərin görülməsini, ona sarsıdıcı atəşlə və bölmələrin qətiyyətli fəaliyyəti ilə cavab verilməsini təmin etməkdir.

Sonda döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəticələr əldə etmiş hərbi qulluqçulardan 4 nəfərə “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalları, 1 nəfərə qiymətli hədiyyə, 4 nəfərə “Fəxri Fərman” təqdim edilib, 5 nəfərə isə “Təşəkkür” elan edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş