Naxçıvanda Azərbaycan və İran Sərhəd Qoşunları komandanlarının görüşü keçirilib

Aprel ayının 13-də Naxçıvan şəhərində Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdikləri geniş tərkibdə nümayəndə heyətlərinin gorüşü keçirilib.Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Gorüş zamanı Azərbaycan-İran dovlət sərhədində, dovlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyət və onun inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılmış, narkotik maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya və digər transsərhəd cinayətlərlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib.

Əldə olunmuş razılaşmalara uyğun olaraq “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsi və dovlət sərhədindən vətəndaşların gediş-gəlişinin asanlaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyi nümayəndə heyətləri tərəfindən qeyd olunub.

Ölkələr arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi nəzərə alınaraq dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində əməkdaşlığın geniş­lən­dirilməsinin vacibliyi qeyd olunub. Azərbaycan-İran sərhədində təhlükəsizlik və sabitliyin qorunub saxlanılmasında sərhəd qurumlarının rəhbərləri arasında görüşlərin bilavasitə bölgələrdə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Müzakirələr zamanı I Avropa oyunları ərəfəsində və keçirilməsi zamanı dövlət sərhədində təhlükəsizliyin təmin edilməsi məqsədilə sərhəd qurumları arasında qarşılıqlı əlaqənin gücləndirilməsi nəzərdən keçirilib.

Səfər çərçivəsində İran nümayəndə heyətinin rəhbərliyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən qəbul edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş