Naxçıvanda keçirilən təlimdə 20 min hərbçi və 400-dən çox hərbi texnika iştirak edir

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimlərin aktiv fazası yekunlaşıb. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin 20 minə yaxın şəxsi heyəti, 400-dən çox zirehli texnikası, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən, xüsusi təyinatlı qüvvələr iştirak edib.

Təlimlər zamanı tank, piyadaların döyüş maşınları, raket, artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, xüsusi təyinatlı bölmələr isə birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimdə iştirak edən qüvvələrin döyüş və səhra bacarıqlarını yüksək qiymətləndirib və təlimin nəticələrindən razı qaldığını bildirib.

Müdafiə naziri Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin yerləşdiyi hərbi şəhərciklərə baş çəkərkən prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən hərbi qulluqçular və onların ailə üzvləri üçün yaradılmış sosial-məişət şəraitinin yüksək səviyyədə olmasını xüsusi qeyd edib.

Təlimləri Prezident Administrasiyası rəhbərinin müavini, prezidentin müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev müşahidə edib.

KATEQORIYA:
Bu xəbəri paylaş